Oğuzda faciəvi yol qəzası baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral avtomobil yolunun 104-cü kilometrliyində, Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonu Kərimli kənd sakini, 77 yaşlı Namiq Həmidzadə idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra sürücü Namiq Həmidzadə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi 55 yaşlı Bənövşə Əsgərova isə aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Şəki RMX-dan verilən məlumata görə, yaralı Bənövşə Əsgərova koma vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilsə də, 55 yaşlı qadın bu gün həyatını itirib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.