Ohanyan ordunu Azərbaycan kəndlərindən çıxmaq əmrinə itaət etməməyə çağırır

  • By ilhame
  • 24 Mart 2024 09:57

Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan Ermənistan hərbçilərini baş nazir Nikol Paşinyanın qoşunların Azərbaycanın tələb etdiyi ərazilərdən çıxarılmasına dair əmrlərinə itaət etməməyə çağırıb.

 

Ohanyanın sözlərinə görə Paşinyanın kəndləri birtərəfli qaydada Bakıya qaytarmaq planı qanunsuzdur, çünki Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün qarşılıqlı qəbul olunmuş mexanizm hələ yoxdur.

Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bu kəndlərin Azərbaycana qaytarılması zərurətini bu həftə həmsərhəd Tavuş mərzinə səfər edərkən yerli sakinlərə izah edib.

 

O bildirib ki, Aşağı Əskipara, Xeyrimli, Bağanis Ayrım və Qızılhacılı kəndləri rəsmən Azərbaycana aiddir, amma 1991-1992-ci illərdə Ermənistan ordusu tərəfindən tutulub.

 

Paşinyan yerli sakinlərlərlə görüşündə deyib ki, bu kəndlər daha bir müharibənin olmaması üçün Azərbaycana verilməlidir.

 

O bunu da etiraf edib ki, Bakı qaytarılacaq kəndlərin müqabilində Ermənistanın Tavuş bölgəsində 1990-cı illərdən bəri onun nəzarətində olan hər hansı ərazisini qaytaracağına dair öhdəlik götürməyib.

Ohanyan bu münasibətlə keçirdiyi mətbuat konfransında deyib:

 

Bu Ermənistan xalqına qarşı xəyanətkar davranış deyilmi? Əgər o bu prosesi başladarsa, yəqin ki, buna qarşı hüquqi addımlar atılmalı olacaq. Məncə bu prosesdə iştirak edən şəxslər məsuliyyət daşımalıdırlar. İkincisi mən düşünürəm ki, Ermənistanın həmsərhəd bölgələrində və elə ordunun özündə bu qanunsuz prosesi rədd edəcək savadlı adamlar var. Bu qanunsuz prosesi rədd etmək hər bir adamın hüquqdur. Bura hərbi heyət də daxildir. Ordu bizim ölkəmizi müdafiə edən nizamı strukturdur. Mən demirəm ki, ordu müdafiə funksiyasını yerinə yetirməsin. Deyirəm ki, qanunsuz əmrlərə tabe olmasın”.

 

Gununsesi.info