“Ölən insanın arxasınca pis danışmazlar” təfəkkürü, əlbəttə, klassik bir ictimai-mədəni normadır və əslində, dərin bir izahı yoxdur.
Adətən, ölən və ya həbsdə olan adam haqqında ona görə danışmaq olmaz deyilir ki, həmin şəxslərin cavab verə bilmək haqqı yoxdur.
Ancaq burada vacib olan incə bir məqam faktdır.
Nəinki ölən, həbs olunan, ümumiyyətlə əsassız olaraq heç sağ adam haqqında da danışmaq olmaz.
Fəqət dünyasını dəyişən və həbs olunan şəxs xüsusilə ictimai-siyasi adamdırsa və ortada konkret olaraq siyasi-ictimai əməllər varsa, niyə də danışmaq olmaz?
Üstəlik, bəzən insanın təbii nifrəti də ölən insan sağ olarkən haqqında nəsə deyə bilməməkdir.
Məsələn, sağ olduğu zaman Stalinə, Hitlerə kim nə deyə bilərdi? Basdırılmış nifrəti vəfatdan sonra üzə çıxartmaqdan təbii nə var?
Bir insan diktator rəhbərə sağ olduğu zaman bir söz deyə bilmirsə, ölümündən sonra da ona diktator deyə bilməzmi?
Bəs bir insanın əməlləri, sözləri müzakirə oluna bilməzmi?
Ölüm faktı niyə bu məsələni ağırlaşdırır?
Məsələn, naqis bir insanın əməllərini öldü deyə danışmamaq, həm də gələcək nəslə ötürməmək ədalətsizlik deyilmi?
Bir insanın ölümü fizikidir. Ancaq məsələn, onun yaratdığı, etdiyi, dediyi nələrsə sağ qala bilər və elə o da ziyanlı olar. Bəs bu halda nə etməli?
Obrazlı desək, ölüm həqiqətin üstünü örtmək üçüb vasitə ola bilməz.
“Ölünün arxasınca danışmazlar” düşüncəsi sadəcə pis danışmazlara hesablanıb.
Axı ölü haqqında təkcə pis danışılmır. Həm də müsbət, daha dəqiq, şişirtmə söhbətlər də olur. Belə çıxır, yalandan qədərindən artıq tərif vurmaq yaxşıdır, amma mənfisinə danışmaq olmaz?
Ümumiyyətlə, tarixi şəxslər, siyasi-ictimai adamların şəxsi həyatları əksərən müzakirəyə açıqdır.
Tanınmış adamların özlərinin və xüsusilə əməllərinin sorğulanmasında təbii heç nə yoxdur və bu, həm də insanların haqqıdır, onlaraq maraqlı gəlir.
Odur, bu cür xurafat fikirdən əl çəkmək, insanların əməllərini, şəxsiyyətini həm sağ, həm də ölü ikən müzakirə etmək lazımdır.
Günay












