Olimpiya çempionumuz: “Qızıl haqqında düşünmürdüm, məqsədim…”

  • By admin
  • 21 Avqust 2016 08:19

radik-1

Taekvondo yarışlarında Azərbaycana tarixində ilk Olimpiya çempionluğunu qazandıran Radik İsayev mükafatlandırma mərasimindən sonra qısa açıqlama verib.

Gununsesi.info-nun Apasport.az saytına istinadən məlumatına görə, Rio Olimpiadasında ilk qızıl medalımızın da sahibi olan idmançı bu qələbəsindən çox qürur duyduğunu bildirib.

– Nə düşünürsən? Olimpiya çempionu olmaq necə hissdir?

– Hələlik hiss elədiyim sadəcə ayaqlarımın ağrısıdır. İlk döyüşdən ağrıyırdı.

– Hər idmançı döyüşə çıxmamışdan qabaq öz-özünə söz verir ki, mən çempion olacam. Sən necə düşünürdün?

– Mən elə demirəm. Sadəcə çıxıram, bacardığımın ən yaxşısını edirəm. Orda artıq situasiyaya görə dəyişir. Özümə “çıxım mütləq çempion olacam” deyə bilmərəm.

 

– Rəqibin kimliyini biləndən sonra nə hiss etdin?

– Heç nə. Fərqi yox idi. Sadəcə başladım hazırlaşmağa.

 

– Məsələn, biləndə ki, ilk rəqib kimdi, onda nə düşündün?

– Biz onsuz da hamımız bir-birimizi tanıyırıq. Hətta əlavə nəsə araşdırmağa da gərək yoxdu. İdmandı, biri udur, digəri uduzur.

 

– Kimə həsr edirsən qələbəni?

– İlk azarkeşimə – anama. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün turnirin fərqi yoxdu, dünya çempionatı, Avropa çempinatı və ya Olimpiada.

 

– Bayrağımızı ən yüksəkdə görəndə, insanlar “Radik! Radik!” qışqıranda nə hiss edirdin?

– Sadəcə qürur duyurdum. O hissləri tam olaraq ifadə etmək olmur.

 

– Maraqlıdı ki, sən medalı Olimpiadanın sonlarında qazandın… Həm də bu ilk qızılımız idi…

– Hələ Lorenzo da var (boksçu Lorenzo Sotomayor (64 kq) – red.). Ona da uğurlar arzulayıram. Finaldadır, inanıram ki, uğur qazanacaq. Başqa nə deyə bilərəm ki? Qızıl haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi. Ancaq ardıcıl uğurlar gəldi, axırda da Azərbaycanın himnini dinlədik.

 

– Finaldakı rəqibin çox güclü idi, ancaq sən əla mübarizə apardın…

– Məşqçilərin tapşırıqlarını yerinə yetirdim və uğur qazandım.

 

– Maraqlıdır ki, döyüş vaxtı məşqçilərin kənardan verdiyi tapşırıqları eşidirsən?

– Ancaq ən yaxınımdakı məşqçini eşidirəm. Zalı isə eşitmirəm.

Gununsesi.info