Paris Olimpiya yarışlarının ardından Azərbaycanda Olimpiya çempionlqrına verilən mükafatlar müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, bu məsələyə münasibət bildirən şəxslər başqa ölkələrlə paralellik aparır.
Ekspert Əkrəm Həsənov Gununsesi.info-ya bu barədə danışıb:
“Bəziləri narazılıq edir ki, niyə Olimpiya çempionlarına qazi və şəhid ailəsinə verilən müavinətdən qat-qat yüksək mükafat ödənilir. Hətta ABŞ-da da çempiona bizdən azı 10 dəfə az mükafat verilir. Bu niyə belədir? Ona görə ki, əksəriyyətimiz özümüzü vətəndaş, yəni dövlətin sahibi kimi hiss etmirik. Vətəndaş üçün dövlətə vergi ödəmək, onun üçün döyüşmək şərəfdir. Bizim üçün isə hər şey pulla ölçülür. Buna görə də hərbi xidmət kasıbın köləliyi, vergi isə xərac kimi qəbul olunur. Olimpiya uğuru da idmançı üçün kasıbçılığın daşının atılması şansı, məmur üçün isə səmərəli olduğunu göstərmək alətidir. Buna görə də məmurlar xalqın nəzarət etmədiyi büdcə vəsaitini bu istiqamətdə istədikləri kimi xərcləyirlər. Başqa uğurları yoxdur axı. Olimpiada, Eurovision və s. bu qəbildən olan yarışlar ətrafında məmur canfəşanlığı da bundan irəli gəlir. Normal cəmiyyətlərdə olduğu kimi bizim də əksəriyyətimiz Vətəndaş olsaydıq, başımızı yarışlarla qatmağa imkan verməzdik və güzəranımızın yaxşılaşmasını və haqlarımızın təmin olunmasını tələb edərdik. İdmançılarımız üçün də belə cəmiyyətin Olimpiya çempionu olması faktının özü şərəf olardı, pul isə ikincidərəcəli məsələ. Odur ki, nəyə layiqiqsə, onu da görürük”.
Afət Abbasova
Gununsesi.info