Ölkədə əmək rejiminin pozulması problemi: İşçilər həftədə 40 saatdan artıq işlədilir

  • By admin
  • 06 Noyabr 2023 11:47

Şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlıdır. Bildiyiniz kimi, ölkədə Əmək Məcəlləsinə görə, həftəlik 5 gün olmaqla 40 saatlıq iş həftəsi tətbiq olunur. Ancaq bu günədək həmin iş rejimi yalnız kağız üzərindədir.

Belə ki, Əmək Məcəlləsinin pozulması adi hal alıb. İstər özəl, istərsə də dövlət müəssisələrində işçilər gündəlik 10-12 saat, həftəlik 6 gün iş qrafiki ilə işçilər çalışdırılır.

Supermarketlər, geyim mağazalarında isə işçilərin bir neçə işçinin işini bir işçiyə gördürülməsi və az qala bir sutka çalışdırılması heç kimə sirr deyil. Əmək bazarında bu biabırçı vəziyyət köləlik siyasətinin adi hal halması dəfələrlə mediada ictimailəşdirilsə də, təəssüf ki, dəyişən heç nə yoxdur.

Bildiyiniz kimi, ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Yəni həftənin yarısını işləyib, yarısını istirahət etsələr də, bizdə nəinki 4 günlük iş rejiminin tətbiqindən söhbət getmir, heç 5 günlük iş rejimində 40 saatlıq iş həftəsi belə tətbiq edilmir. İşçilər quldarlıq dövründəymiş kimi, həftəlik 60-70 saat çalışdırılır.

AFP-yə görə artıq dünyanın 48 ölkəsi 4 günlük iş rejiminə keçib. Qərb ölkələrindən başqa, keçmis sovetlər birliyi ölkələrində artıq 4 günlük iş rejiminə keçirlər. Bu ilin iyul ayında Qazaxıstan 4 günlük iş rejiminə keçdi. 1 yanvar 2024-cu ildən etibarən Moldovada 4 günlük iş rejiminə keçəcək. Artıq Gürcüstan, Özbəkistan kimi ölkələrdə 4 günlük iş rejiminə keçid etməyi müzakirə edirlər.

Bizdə isə Dövlət Əmək Müffətişliyi isə deyir ki, 5-6 ildir ki, hökümətin qərarı ilə sahibkarlığa dəstək məqsədi ilə dövlət qurumlarının müəssisələrdə yoxlamaları dayandırılıb, ona görə də vətəndaş çalışdığı iş yerində istismar edilirsə, rəsmi olaraq bizə müraciət etsin, biz də qanunvericiliyə uyğun olaraq, həmin işəgötürəni cərimələyək.

Yəni ortalama 400-450 manat maaş alan bir işçi öz işini itirməyi gözə alaraq, Dövlət Əmək Müffətişliyinə şikayət edəcəkmiş. Dövlət Əmək Müffətişliyi həmin işəgötürəni cərimə edəcək, həmin işçi isə ən “yaxşı” halda işdən çıxarılacaq, ən pis halda isə maddə ilə yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılıb və bu maddə ilə heç vaxt heç yerdə işə götürülməyəcək.

Onsuz da ölkədə iş tapmaq asan deyil və işçilər də işdən çıxarılmaq qorxusundan Dövlət Əmək Müffətişliyinə şikayət edə bilmir və kölə kimi çalışdırılmağa razı olurlar. Sonucda “vətəndaşları işlə təmin etməyə dövlət borclu deyil”, deyən bir nazirlikdən və nazirdən danışırıq.

Ölkədə işçilərin iş saatından artıq işlədilməsi Beynəlxalq Əmək Təşkilatınında hesabatlarında da yer alır. Belə ki təşkilatın 2022-ci il hesabatına görə, ölkəmiz işçilərin ən çox çalışdırıldığı ölkələr siyahısındadır və təşkilata görə ölkədə 100 mindən çox müasir “kölə” var.

Beynəlxalq Əmək Təşkilatından başqa, “Amnesty International”, “Human Rights Watch” kimi, insan hüquqları təşkilatlarının hesabatlarına görə, ölkəmiz işçilərin ən çox çalışdırıldığı və ən çox işçi ölümlərinin qeydə alındığı körfəz ölkələri BƏƏ, Qətər kimi, ölkələrlə eyni siyahıda yer alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəinki işçiləri kölə kimi şirkətləri cərimə etmir, hətta Dövlət Məşğulluq Agentliyi vasitəsi ilə həmin şirkətlərlə əməkdaşlıq edib, vətəndaşlara “iş” təklif edir. Halbuki çoxu qida supermarketlər şəbəkəsi olan bu şirkətlərdə işçilər az qala bir sutka çalışdırılmağa dözə bilməyib işdən çıxırlar və bu şirkətlər həmişə işçi axtarışındadır.

İlkin Məmmədkərimov

Gununsesi.info