Ölkədə cəmi 35 faiz gənc iş verilib

  • By admin
  • 27 İyul 2016 12:57

nazirlik

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti gənclərə yönəlib. Cari ilin 6 ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin təqribən 15 min 800-ü (35,5 faiz) gənclərdən ibarət olub. Haqqı ödənilən ictimai işlərə cəlb olunanların 156 nəfərini (28,4 faiz), Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin 632 nəfərini (55,7 faiz) gənclər təşkil edib.

Bu barədə Gununsesi.info-ya nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İşçilərin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri üçün müxtəlif peşələr üzrə təşkil olunan hazırlıq və əlavə təhsil kurslarının təşkili zamanı da gənclər diqqətdə saxlanılır. Hesabat dövründə Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 1253 nəfəri (65 faiz) gənclər olub.

Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. ƏƏSMN-in 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin ötən dövründə bu təbəqədən olan 200-dək gənc ayrı-ayrı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar.

Əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirləri cari ildə 8 ali təhsil müəssisəsində davam etdirilib. Bu tədbirlərdə 259 müəssisəyə aid 1452 boş (vakant) iş yeri təklif olunub. İştirakçılara seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. Tələbə və məzunların işəgötürənlərlə əlaqələr qurmasına, onlara öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb.

Gənclərin məşğulluğunun təminatı yönündə ölkəmizdə aparılan işlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu ilin may ayında Beynəlxalq Əmək Təşkilatının İsveçdə təşkil etdiyi konfransda gənclərin məşğulluğu sahəsində MDB-də ən yaxşı iş təcrübələri üzrə keçirilən müsabiqədə Azərbaycan birinci yerə layiq görülüb. Bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Əmək Təşkilatının diplomu təqdim olunub.

 

Gununsesi.info