
Hazırda valyuta bazarında böyük ajiotaj yaranıb. Avqutsun 19-dan başlayaraq, Azərbaycana fəaliyyət göstərən bütün iri banklar xarici valyuta satışını dayandırıb.
Gununsesi.info bildirir ki, kommersiya bankları heç bir səbəb açıqlamadan dollar və avro satışını ya tamamilə dayandırmış, bəzi filialllarda isə yalnız tanışlıqla maksimum 500 dollara qədər xarici valyuta almaq mümkün idi.
Məsələn, “Dəmir Bank”ın Nizami küçəsindəki filialı satışı 100 dollara qədər məhdudlaşdırlımışdı. Bank bunun səbəbini ictimai tələbatın ödənilməsində yaranan problemlə əlaqəndirib.
Maliyyə Bazarlarına nəzarət Palatasının sədri Rüfət Aslanlı “Bloomberg”ə bildirib ki, valyuta satışı bankların müstəsna hüququdur və palata bu prosesə müdaxilə edə bilməz.
Bəzi ekspertlərin fikrincə, bankların yaratdığı məhdudiyyətlər “qara bazar”ın inkişafına səbəb olur. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi kursu 1.62-dən təklif olunur. “Qara bazar”da isə manatın dollarla nisbətən satışı 1.72-1.75-nə qədər yüksəlib.
Iqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun sözlərinə görə, əgər məhdudiyyətlər davam edərsə, bu, “qara bazar”ın geniş vüsət almasına səbəb olacaq: “Faktiki olaraq, bu proses hiss olunmaqdadır. Bu isə, vətəndaşların, biznes subyektlərinin itkisinə gətirib çıxarır. Valyuta çatışmazlığı zamanı “qara bazar”larda xarici valyutanın məzənnəsi Mərkəzi Bankın məzənnəsindən yüksək olur, heç bir marja gözlənilmir”.
İqtisadçıya görə, xarici valyutanın satışının dayandırılmasının və ya mədudlaşmasının səbəbi hərraclarda tələbin təklifdən çox olmasıdır: “Əvvəllər də bildirirdik ki, avqust-sentyabr aylarında valyuta tələbatı artacaq. Bunun bir neçə səbəbi var. Birincisi, istehlak prosesi artıb. Xüsusilə, məktəb ləvazimatları ilə bağlı istehlak artıb. Həmin məhsulların 90 faizi ölkəyə idxal olunur. Bu isə, xaricə dollar axınını artırır. İkincisi, turizm mövsimi sona çatdıqca, insanlar xaricə daha çox üz tuturlar ki, bu da əlavə olaraq dollar tələbatını artırır. Belə bir şəraitdə banklar müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Onların da xaricdə kreditorları qarşısında öhdəlikləri var. Əgər bank dəfələrlə hərraca qatılıb kifayət qədər dollar ala bilməyibsə, o zaman satışı da məhdudlaşdırmağa məcburdur. Üçünçüsü isə bankların bir qədər strateji düşünməsidir. Onlar proqnoz edir ki, vəziyyətin bu cür davam etməsi, dolların daha da bahalaşmasına gətirib çıxaracaq. Bu baxımdan əllərində olan valyutanın bir qismini növbəti dövrlərdə bazarlara çıxarmağa çalışacaqlar. Buradan divident əldə etməyi düşünürlər”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info