Ölkədə evsiz insan qalmayacaq: Hər il 3 min ailə...

  • By admin
  • 29 İyul 2017 22:00

evsiz
Vətəndaşların sosial durumunun yaxşılaşdırılması dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir.
Bu məqsədlə ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanması, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılması böyük bir addım idi. Çünki sosial evlər layihəsi sayəsində mənzil arzusunda olan hər bir Azərbaycan ailəsi istəyinə çatacaq. Layihənin hazırlanmasında yaxından iştirak edən iqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında sosial mənzillərin vətəndaşlara hansı imkanları verdiyini ətraflı izah edib:
“Sosial evlər vətəndaşlara daha az ödəniş etməklə, daha kompleks mənzillərə sahib olma imkanı verir. Nəzərə alaq ki, sosial evlər aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulub. Artıq bu evlərin inşası başlayıb. Bu ilin mayından etibarən qeydiyyatdan keçmək mümkündür. İlkin mərhələdə 1900 ailəyə ev təqdim olunması nəzərdə tutulub. 1, 2, 3 otaqlı mənzilli binalar kompleks şəklində tikiləcək. Yəni burada bağça, məktəb, klinika və s. kimi obyektlər də olacaq. Nəticə etibarilə bir şəhərcik kimi sosial evlərdən faydalanmaq imkanı verəcək. Aylıq ödənişə gəlincə, 1 otaqlı mənzillərin aylıq ödənişi 140, 2 otaqlı üçün 180, 3 otaqlı üçün 250 manat ətrafında olacaq. Mənzillər təmirli olacaq və mətbəx mebeli ilə təmin ediləcək. İlkin ödəniş cəmi 10 faiz olacaq. Gələcəkdə ilkin ödəniş məbləği bir qədər də aşağı salınacaq. Mənzillərin inşası davamlı olacaq. Bakıda Yasamal və Hövsan ərazisində, eləcə də bölgələrdə də bu cür evlərin tikintisi nəzərdə tutulub. Praktik olaraq hər il bazara 3 min mənzil təklif olunacaq ki, bu da hər il 3 min ailənin mənzil probleminin həll edilməsi deməkdir”.

Gununsesi.info