Argentinanın liman şəhəri Bahia Blancada həftə sonu baş verən şiddətli qasırğa nəticəsində ölənlərin sayı artıb. Buenos-Ayres əyalətində də fövqəladə vəziyyət elan edilib.
Gununsesi.info xəbər verir ki, Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kicillof, davam edən şiddətli fırtına səbəbindən əyalətdə fövqəladə vəziyyətin elan edildiyini və indiyədək 14 nəfərin öldüyünü açıqlayıb.
Bölgədə küləyin sürətinin saatda 150 kilometrə qədər artdığını bildirən Kicillof mülki müdafiə qruplarının işlərini davam etdirdiyini qeyd edib.
O, təbii fəlakətdən ən çox zərər çəkən Bahia Blancada məktəblərin bağlandığını, minlərlə evə və iş yerinə hələ də elektrik enerjisinin verilmədiyini bildirib.
Milli Meteoroloji Xidmətin (SMN) məlumatına görə, ştatda güclü yağışlar və güclü külək bir müddət davam edəcək.
Digər tərəfdən Argentina prezidenti Xavyer Milei, müdafiə naziri Luis Petri və təhlükəsizlik naziri Patrisiya Bullriçin Bahia Blanca şəhərinə səfər edəcəyi də paylaşılıb.
Gununsesi.info