
Son zamanlar “Baktelecom”, “Aztelecom” istifadəçiləri internet təchizatında yaranan ciddi problemlərdən narazılıq edir.
Paytaxt Bakı daxil olmaqla bütün bölgələrdə internet təminatında oxşar problemlər yaşanır.
İstifadəçilərin ciddi narazılıqları ilə bağlı sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Öz narazılıqlarını bildirənlər arasında hətta tanınmışlar da var.
İstifadəçilər zəif “Wi-Fi” bağlantısından, internet keyfiyyətinin və sürətinin aşağı olmasından, eləcə də qırılmalardan şikayətçidir.
Gununsesi.info məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Aztelekom MMC-yə sorğu ünvanlayıb.
Qurumun Kommersiya departamenti, İctimaiyyətlə əlaqələr üzrə təmsilçisi Alidə Mustafayeva Gununsesi.info-nun sorğusuna cavab olaraq, bunları deyib:
“İnternet xidmətinin təminatı istiqamətində tərəfimizdən kütləvi nasazlıq müşahidə olunmur. Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar.
Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır. Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, vətəndaşların genişzolaqlı internetə çıxışının təmin olunması üçün irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Aparılan işlərin məntiqi nəticəsi olaraq ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda əvvəlki aylarda olduğu kimi müsbət dinamika davam edir.
“Ookla” şirkəti tərəfindən avqust ayında dərc edilən ən son hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə sürətin 22.15 Mbit/s-dən 28.70 Mbit/s-ə dəyişdiyi qeyd olunur”.
Şəbnəm Rəhimova
Gununsesi.info