“2021-2022-ci illərdə illik inflyasiya səviyyəsi kifayət qədər yüksək olub – hətta rəsmi bəyan olunan rəqəmə görə 2 il dalbadal 13-14% təşkil edib”.
Gununsesi.info bildirir ki, bunu iqtisadi ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, əmanət faizləri inflyasiya göstəricisindən nə qədər aşağıdırsa, demək insanların bu maliyyə yatırımı formasındakı sərvəti də o qədər çox dəyərsizləşir: “Yenə də rəsmi məlumata görə manatla depozitlərin illik faizi son 2 ildə 9% ətrafında olub. Bu faizlərlə inflyasiya arasında fərq daha azdır – təxminən 4-5%.
Amma valyuta ilə depozitlərdə məsələ fərqlidir: nəzərə alsaq ki, Azərbaycanda əhali istər sandıq, istərsə də bank yığımlarında dollara üstünlük verir, güman ki, valyuta depozitləri də əsasən dollar hesablarında saxlanılır.
Manat-dollar məzənnəsi dəyişməz qaldığı üçün valyuta depozitlərinin manat ifadəsində məbləği də sabit qalır. Amma dollarla depozit faizləri çox aşağıdır – orta hesabla 1-1,5%.
Bu halda inflyasiya ilə depozit faizi arasında fərq 12-12,5% təşkil edir. Yəni 10000 dollarlıq depozitinizin müqabilində ildə 150 dollar faiz gəliri əldə etdiyiniz halda, sərvətiniz 1000 dollar dəyərsizləşir.
Ölkədə maliyyə bazarları inkişaf etmədiyi üçün vətəndaş üçün alternativ yatırım alətləri yoxdur – əmanət tək ünvan olur.
Əmlak bazarında isə qiymətlər son dərəcək yüksək olduğu, eləcə də əmlak likvid yatırım aləti olmadığı üçün xüsusən kiçik əmanət sahibləri üçün cəlbedici ola bilməz.
Çox anormal stiuasiyadır – vətəndaşın sərvətinin dəyərsizləşmə sürətilə kiçik qrup bankların timsalında zənginlərin zənginləşmə sürəti paralel düz mütənasibdir”.
Afət
Gununsesi.info