Filippin polisi onlayn “sevgi dələduzluğu” mərkəzinə basqın zamanı fırıldaqçılıq şəbəkəsi tərəfindən saxlanılan 658 nəfəri xilas edib.
Gununsesi.info-nun BBC-yə istinadən məlumatına görə, Filippin polisi fevral ayında fırıldaqçılardan qaçan vyetnamlının ifadəsi əsasında paytaxt Manilanın təxminən 100 kilometr şimal-şərqində yerləşən Tarlak əyalətinin Bamban rayonundakı mərkəzə basqın edib.
Polis onlayn mərc şirkəti adı altında gizlənərək mərkəzdən “sevgi fırıldaqları” etməyə məcbur edilən 383 Filippin, 202 Çin və 73 digər xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 658 nəfərin xilas edildiyini açıqlayıb.
Filippin Prezident yanında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Komissiyasının sözçüsü Uinston Kasio qeyd edib ki, Bamban cinayətkar qruplaşması fırıldaqçılıq etmək üçün “qurbanları cəlb edə bilən gözəl görünüşlü kişi və qadınları saxlayır”.
Romantik münasibətlər vədi ilə insanları aldadaraq saxta layihələrə və ya biznesə sərmayə qoyan “romantik fırıldaqçılar” qanuni biznesin şirnikləndirildiyi dələduzluq mərkəzlərində çox vaxt saxlanılır və cinayət törətməyə məcbur edilir.
2023-cü ilin may ayında Filippin hakimiyyəti Manilanın şimalındakı Klark şəhərində azad liman zonasına basqın zamanı saxlanılan və internet fırıldaqçılığı etməyə məcbur edilən 1000-dən çox insanı xilas edib.
Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin avqustunda dərc etdiyi hesabata görə, dünyada yüz minlərlə insan internet fırıldaqçılığı etmək üçün Cənub-Şərqi Asiyaya aparılır.
Gununsesi.info