Paraqvayda hökumət rəsmisinin qondarma ölkə ilə müqavilə imzalaması ilə böhran yaranıb.
Gununsesi.info xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Arnaldo Çamorronun müqavilə imzaladığı Kailasa Birləşmiş Ştatları adlanan ölkənin əslində mövcud olmadığı məlum olub. Yaratdığı saxta ölkə ilə Cənubi Amerikanın digər ölkələrini aldadan Hindistandan olan qeyri-qanuni şəxsin tələsinə düşən Çamorro hadisənin üstü açılınca istefa verib.
Hindistanda cinsi təcavüz ittihamı ilə axtarışda olan Nithyananda adlı şəxsin Kailasa Birləşmiş Ştatları üçün hazırladığı internet saytında qədim hindu sivilizasiyasının yenidən doğulması ilə bağlı təlimləri izah etdiyi müəyyən edilib.
Bildirilib ki, Kailasa Birləşmiş Ştatlarından olan nümayəndələr oktyabr ayında Paraqvayda Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüşüb və diplomatik əlaqələrin qurulması barədə razılığa gəliblər.
Ölkə haqqında heç bir məlumatı olmadığını etiraf edən Çamorro müqaviləni saxta ölkənin rəsmilərinin suvarma kimi mövzularda Paraqvaya kömək edəcəyinə söz verdiyi üçün imzaladığını bildirib.
Qalmaqal ölkədə gülüş obyekti olsa da, hökumət Çamorronun yerinə yeni adın təyin olunduğunu açıqlayıb.
Gununsesi.info