
Bu ilin oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 min 806 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 min 447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 min 359-u isə regionların payına düşüb.
Gununsesi.info-ya “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,967,128-ə çatıb. Oktyabrda əhali sektoru üzrə 199 922 765 kubmetr həcmində təbii qaz satılmış, ödəniş səviyyəsi 107,83 faiz olub.
Qeyd edək ki, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Anar
Gununsesi.info