Ölkədə sürətlə passiv VÖEN xaosu yaşanır. Səbəbi sadədir.
Ünvanlı Sosial Yardım almaq istəyən ailələr üçün qanunda tələb var ki, ailədə bir nəfər mütləq işləməlidir. Ailənin sosial durumu faktiki olaraq ÜSM almağa uyğundur. Ev, avtomobil, torpaq sahəsi və sair yoxdur. Qalıır bircə ailədə bir nəfərin məşğulluq problemi. Yəni bir nəfər işləməlidir.
ÜSM almaq istəyənlərə şərt qoyurlar ki, gedib yerli Vergilər İdarəsində (ASAN) fəaliyyətdə olan aktiv VÖEN açdırsın. Bundan sonra insanlar kütləvi şəkildə Vergi İdarələrinə gedərək VÖEN açdırır və başlayır fəaliyyətdə olan vergi ödəyicisi kimi vergi verməyə. Aylar keçir amma vətəndaşa ÜSM tıyin olunmur. Müxtəlif səbəbləri var. Məsələn kommunal ödənişlərin yüksək olması və ya Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları yekun qərar olaraq mənzilə baxış keçirməlidir. Amma bu aylar çəkir. Ortada qalan zavallı vətəndaş da hər ay üzrə vergi hesabatı verir və vergi ödəyir. ÜSM ala bilməyən vətəndaş sonradan vergini ödəmir, VÖEN üzrə hesabatlarını vermir və borclanmağa başlayır.
Beləliklə də Azərbaycanda minlərlə vergi ödəyicisi olan, borclu vətəndaş ordusu yaranır. Bu həm də hökumətin işinə yarayır. ÜSM almaq istəyən vətəndaşlar VÖEN-lə avtomatik məşğul əhali kateqoriyasına daxil olur və nəticədə “yeni iş yerləri yaranır”.
Məsələn bir Regional Vergi İdarəsində 72 min VÖEN sahibinin yalnız 22 mini aktiv hesabat verərək real fəaliyyətdədir. Bu informasiyanı yaxın dostum, hazırda vergidə yüksək vəzifədə işləyən şəxs deyib mənə.
Vergi sistemində işləyən dostlar deyir ki, 10 illərlə qalan passiv VÖEN -lər var ki, onları ləğv etmək lazımdır. Bu həm dövlətiin dəftərxana yükünü azaldar, həm də vergi əməkdaşlarının daha real ödəyicilərə ayırmaq üçün səmərəli vaxtı qalar. Yalnız bir amnistiya və problem çözülür.
O, VÖEN-lər onsuz da ölü canlardan başqa heç nə ifadə etmir.
Razi Abbasbəyli