Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı ardıcıl tədbirlər görülür - DEPUTAT

  • By admin
  • 14 Aprel 2022 10:38

Hazırda qlobal səviyyədə ərzaq və digər malların qiymətləri artır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu günlərdə açıqladığı məlumatda da qeyd edilir ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,6% artıb. Yəni qiymət indeksi 1990-cı ildə yarandığı gündən bəri yeni tarixi rekorda imza atıb. Son artım – bitki yağları, taxıl və ət alt indekslərindəki bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb. Taxıl qiymətləri indeksi mart ayında 17,1 faiz artaraq 170,1 bənd təşkil edib ki, bu da 1990-cı ildən bəri rekord göstəricidir. Bu ayın artımı əsasən Ukrayna-Rusiya müharibəsilə əlaqədar olaraq ixracın kəsilməsi nəticəsində buğda qiymətlərinə artan təzyiqdən irəli gəlir. Yəni, Rusiya-Ukrayna müharibəsi bu prosesi daha da sürətləndirib. Sözsüz ki, dünya bazarının ayrılmaz tərkib hissəsi olan Azərbaycan da bu təsirləri hiss etməkdədir”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan vəziyyətə uğyun qabaqlayıcı tədbirlər həyata keçirilir: “Ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyatların formalaşdırılması, daxili bazarın qorunması, süni qiymət artımına qarşı mübarizə və yerli istehsalın artırılması məqsədilə yerli istehsalçılara subsidiuyaların verilməsi istiqamətində ardıcıl işlər görülür. “Nazirlər Kabinetinin tapşırığına əsasən, müvafiq hökumət qurumları daxili bazarın qorunması istiqamətində koordinasiyalı şəkildə zəruri addımlar atmaqdadır. İlk növbədə, daxili bazarda ehtiyatların dayanıqlılığını təmin etmək üçün minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılması tənzimlənir. Əsas hədəf daxili bazarın qorunması, təminatın sabitliyinin təmin olunmasıdır. Bu cür önləyici tədbirlərin görülməsi ölkəmizdə ən zəruri qida məhsulları ilə bağlı qıtlığın bəri başdan sığortalanmasını və təminatını möhkəmləndirməkdir”.

Aydın Hüseynov onu da qeyd edib ki, Azərbaycan hökuməti həmçinin yerli istehsalın, xüsusilə də ərzaq təhlükəsziliyi proqramına uyğun olaraq zəruri qida mallarının istehsalına dövlət dəstəyini artırır: “Hazırda yerli istehsal subyektlərinə geniş təşviq mexanizmləri tətbiq edilir. Dövlət başçısının tapşırığına əsasən, yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada əsas məqsəd taxıl əkini üzrə tədbirləri daha da artırmaqdır. Həm əkin sahələrinin həcminin artırılması, həm də məhsuladarlıq üçün zəruri addımnların atılması nəzərdə tutulur. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə böyük əkinçilik təsərrüfatlarının yaradılması istiqmətində iş aparılır. Nəticədə bütün bu tədbirlər ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsinə verəcəkdir”.

Gununsesi.info