“Ölkəyə dərman gətiriləndə deyirlər ki, filankəsin adamıdır, dərindən yoxlamayın”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bu günlərdə Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində bəzi dərman və siropların uşaq orqanizminə çox mənfi təsirlərindən bəhs edib. Onun deməsinə görə, belə hallar Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələnib. Azərbaycana da dünyanın bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən dərman gəlir. Rəsmilərin onların keyfiyyətli olmasına dair iddialarına baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, Azərbaycana da bir çox keyfiyyətsiz dərmanlar gətirilir.

Gununsesi.info “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, adını çəkmək istəməyən bir şikayətçi, yüksək qan təzyiqinə qarşı olan dərmanlardan birinin Azərbaycanda baha satıldığını, lakin effektinin az olduğunu bildirib:
“Azərbaycanda bu dərmanın qiyməti 27 manatdır. Gündə bir ədədini içməli olsam da, hərdən ikisini içməliyəm ki, effekti olsun. Türkiyədən mənə gətirilən eyniadlı dərman isə daha yaxşı təsir göstərir. Həm də bu dərman orda beş dəfə ucuzdur”.
“Dərman vasitələri haqqında” Qanunun 1.0.14 maddəsinə əsasən, dərman vasitələrinin keyfiyyəti onların dövlət standartlarının tələblərinə uyğunluğu deməkdir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə, dövlətin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi, keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılmasıdır.
Qanunda həmçinin yazılıb ki, dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı onların dövlət qeydiyyatına alınmasını və Azərbaycanda tətbiqini qadağan edir.
“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev bildirib ki, bu sahədə Azərbaycanda vəziyyət bərbaddır:
“Çünki bizdə dərman monopoliyası var. Üstəgəl, Azərbaycana gətirilən dərman preparatlarının tam dəqiq yoxlanmasında ciddi problemlər var. Misal üçün, monopoliya olduğuna görə ölkəyə dərman gətiriləndə deyirlər ki, bu, filankəsin adamıdır, onu dərindən yoxlamayın”.
Həkimin sözlərinə görə, ölkədə fəaliyyət göstərən xarici apteklər şəbəkəsində satılan dərmanların təsiri ölkədəki digər apteklərdə satılan dərmanların təsirindən daha çoxdur:
“Bu, heç kimə sirr deyil. Eşitdiyimə görə, xaricdən dərman idxal edən bizimkilər ucuz başa gəlsin deyə, istehsalçılara deyiblər ki, dərman preparatının tərkibində təsiredici maddəni az qoysun”.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə “Turan”a bildirilib ki, Azərbaycana idxal edilən dərman vasitələrinin keyfiyyəti Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır.
Qurumdan tənqidlərə cavab olaraq əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzinə keyfiyyətsiz dərmanla bağlı müraciət qeydə alınmayıb:
“Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz. Çünki etdiyi təqdirdə bu məlumat dünyada rezonansa səbəb olar, bu da, öz növbəsində, istehsalçının adına ziyan olar. Əsassız iddialardır. Kimdəsə hər hansı əsaslı fakt olarsa, Mərkəzə müraciət etmələri tövsiyə olunur”.
Vurğulanıb ki, dərman vasitələrinin keyfiyyətinə təsir edən amillər daşınma, saxlanma, istehsal şəraiti, insan faktoru və digər səbəblər ola bilər.

HTML tutorial

Gununsesi.info