“Ölkə iqtisadiyyatında ağır tənəzzül yaşanır” - NEMƏT ƏLİYEV

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 11:00

nemet

Bu ilin 9 ayının makroiqtisadi nəticələrinə görə, iqtisadiyyatın bir çox sahələrində geriləmə müşahidə olunub.

Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

N.Əliyev qeyd edir ki, ölkə üzrə ÜDM-in həcmi 1,1% azalıb: “Yəni, ümumi iqtisadiyyatda dinamik inkişaf deyil, tənəzzül yaşanır. Bu üzdən iqtisadiyyatımız ötən ilə nəzərən daha da kiçilib. Mədənçıxarma sənayesində 7% düşmə qeydə alınıb. Qeyri-neft emal sənayesində 0,9% dinamika müşahidə olunsa da, bu vəziyyət emal sənayesində ümumi enmə tendensiyasını dəyişmək gücündə olmayıb. Bu üzdən emal sənayesində istehsal 2,4% düşüb. Ümumi sənaye istehsalı isə ölkə üzrə 6% azalıb. Deməli, sənayedə inkişaf yoxdur. Burada tənəzzül yaşanır”.

Onun sözlərinə görə, kənd təsərrüfatında istehsalın tempi 2,4%-dən 1,7%-ə düşüb:  “Ümumi əkin sahəsinin təxminən 60 faizində becərilmiş dənli və dənli-paxlalı bitkilərin istehsalı 5,6% aşağı düşüb. İyul ayının 1-nə olan vəziyyətə görə həm inək və camışların, həm də qoyun və keçilərin baş sayında azalma əmələ gəlib. Deməli, burada da vəziyyət pisləşib. Pisləşmə tendensiyası həm bitkiçiliyə, həm də heyvandarlığa sirayət edib.

İnformasiya və rabitə xidmətlərində temp 9,2%-dən 5,1%-ə düşüb. Yəni, tendensiya pisləşməyə yön alıb. Burada vəziyyəti ağırlaşdıran həm də odur ki, milyardlarla maliyyə tökmək hesabına kosmosa qaldırılmış peyklərin bu sahəyə tövhəsi adekvat nəticələr ortaya çıxarmayıb. Daha bir azalma pərakəndə ticarət dövriyyəsi üzrə temp də aşağı enib”.

N.Əliyev qeyd edir ki, əhalinin gəlirləri azaldığı, iqtisadiyyatda böhran yaşandığı ərəfədə qiymətlər kəskin bahalaşıb. Bu isə əhalinin yoxsullaşmasını sürətləndirir: “Ölkə üzrə qiymətlərin səviyyəsi ötən dövrdə 10,4%-dən 14%-ə yüksəlib. Deməli, ölkədə bahalaşma sürətlənib. Əhalinin nominal gəlirlərinin artım tempi isə zəifləyib. Lakin itkilər bununla bitməyib. Çünki 14%-lik inflyasiyanın təsiri ilə əhalinin real gəlirləri 6,4% azalıb.

Xarici investorlar ötən ilki yatırımları daha 3%-ə qədər azaldıblar. Yerli müəssisə və təşkilatlar isə bu yöndəki fəaliyyətlərini 20%-dək zəiflədiblər. Bu ilin 8 aylıq xarici ticarət dövriyyəsi ötən ilə nəzərən 9,24% azalıb. Ümumiyyətlə  sosial-iqtisadi göstəricilərin təhlili onu deməyə əsas verir ki, ötən illə müqayisədə ölkədə vəziyyət daha da ağırlaşıb və ölkə geri gedir. Əgər nəticələr budursa, o zaman həyata keçirilmiş hər-hansı islahatdan danışmaq da olmaz”.

Vüsalə Rüstəmova

Gununsesi.info