Ölkədəki ölümlər doğum sayını keçir

  • By admin
  • 23 Avqust 2022 13:40

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekuna dair əhali statistikalarını açıqlayıb.

 

Gununsesi.info-nun hesabata istinadən verdiyi məlumata görə, son illərdə ölkədə doğum sayındakı ciddi azalma, ölüm sayında isə ciddi artım diqqət çəkir. 2020-ci ildə ölkədə 126 min, ötən il 112 min doğum qeydə alınıb. 2019-cu ildə həmin göstərici 141 min, 2016-cı ildə 160 min idi.

Ölüm sayında isə, tam tərsi, son iki ildə 20 minə yaxın artım gözə çarpır.

Beləcə, təbii artım göstəricisində ciddi azalma qeydə alınır.

Əhali sayına dair DSK-nın açıqladığı ən diqqətçəkən rəqəmlərdən biri rəsmi nikahsız doğulan uşaqların sayı ilə bağlıdır. Ölkədə doğumların ümumi sayı azalsa da, rəsmi nikah bağlamayan qadınların doğduğu uşaq sayının toplam doğumlara nisbəti artıb. Ötən il yeni dünyaya gələn 17 min 566 uşağı, başqa deyimlə, bütün doğulanların 15.6 faizini rәsmi nikahsız qadınlar doğub. Bu, 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Cədvəl: 1990-2021-ci illərdə Azərbaycanda rəsmi nikahlı və nikahsız doğulanların toplam sayı

İl Doğulanların sayı Rəsmi nikahsız doğulanların sayı Nisbət
1990 182 min 989 4 min 800 2.6%
1995 143 min 315 8 min 375 5.8%
2000 116 min 694 6 min 282 5.4%
2005 141 min 941 26 min 50 18.4%
2010 165 min 643 25 min 385 15.3%
2015 166 min 210 24 min 38 14.5%
2016 159 min 464 26 min 288 16.5%
2017 144 min 041 22 min 796 15.8%
2018 138 min 892 20 min 716 14.9%
2019 141 min 179 21 min 453 15.2%
2020 126 min 571 17 min 714 14.0%
2021 112 min 284 17 min 566 15.6%

Cədvəldən göründüyü kimi, rəsmi rəqəmlərdən aydın olur ki, 2000-ci illərin ortalarından bəri Azərbaycanda rəsmi nikahsız doğulan uşaq sayı artmağa başlayıb.

Rayonlarda rəsmi nikahsız doğulanlar daha çoxdur

Rəsmi rəqəmlərdən aydın olur ki, ölkədə rəsmi nikah olmadan doğulan uşaqların sayı kəndlərdə daha çoxdur. Məsələn, ötən il rəsmi nikah bağlanmadan dünyaya gələn 17 min 566 uşağın cəmi 6 min 566 nəfəri şəhər yerlərində, 11 min nəfəri isə kənd yerlərində dünyaya gəlib. Bu o deməkdir ki, şəhərlərdə doğulan uşaqların 12.2 faizini nikahsız qadınlar doğursa, kəndlərdə bu göstərici 18.8 faizdir. Başqa sözlə, kəndlərdə doğulan hər beş uşaqdan birini rəsmi nikahsız qadınlar dünyaya gətirib.

Ana və uşaq ölümləri ilə bağlı durum

DSK-nın hesabatında ana və uşaqların sağlamlıq göstəricilərinə də yer verilib. Həmin rəqəmlərdən aydın olur ki, ötən il ölkədə bir yaşınadək 840 uşaq ölüb. Bu, hər min doğuşa nisbətdə 7.5 ölümün qeydə alınması deməkdir. Son iki ildə həmin göstərici 10-dan aşağı düşüb. Əvvəlki illərdə uşaq ölümlərinin sayı və toplam doğuşlara nisbəti daha yüksək idi. 1990-cı illərin sonunadək ölkədə hər min doğuşa 20-dən çox ölüm düşürdü. Başqa deyimlə, sözügedən dövrdə hər 100 doğulan uşaqdan, ən azı, ikisi ölürdü. Maraqlıdır ki, bir yaşadək qeydə alınan uşaq ölümləri göstəricisi şəhərlərdə kənd yerləriylə müqayisədə daha yüksəkdir. Ötən il şəhərlərdə hər min doğuşa düşən bir yaşadək uşaq ölümü göstəricisi 8.6 olub. Kənd yerlərində isə eyni göstərici 6.5-i aşmayıb.

Ötən il ölkədə bir yaşadək uşaqlar arasında qeydə alınan 840 ölüm hadisəsinin 21 faizi (177 nəfəri) paytaxt Bakının payına düşür. Bu baxımdan, ən diqqətçəkən göstəricilərdən biri Şamaxı rayonu ilə bağlıdır. Bakı və Sumqayıtdan sonra bir yaşadək uşaq ölümünün ən çox qeydə alındığı yer Şamaxıdır. Ötən il Şamaxıda bir yaşadək olan 28 uşaq vəfat edib. Şamaxıda qeydə alınan göstərici bütün Naxçıvan Muxtar Respublikasından və Gəncə kimi böyük şəhərlərdən daha çoxdur.

Ana ölümlərinə gəlincə, 2021-ci ildə Azərbaycanda doğuş zamanı 20 ana ölümü qeydə alınıb. 

Son iki ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayında dəyişiklik olmasa da, bunu da nəzərə almaq lazımdır ki, bu müddətdə ölkədə doğulanların sayı ciddi ölçüdə azalıb. Elə bu üzdən, 2019-cu ildə 100 min doğulana 15 ana ölümü qeydə alınmışdısa, ötən il bu göstərici 18-yüksəlib.

 

Günay Təhməzova

Gununsesi.info