Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir - KOMİTƏ SƏDRİ

  • By admin
  • 08 Noyabr 2017 12:00

“2018-ci ilin dövlət büdcəsinin 3-də biri sosial sahəyə yönəldilib. Təhsil və elm sahəsinə maliyyə ayrılmasında artım var. Xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyasına artım proqnozlaşdırılıb. Səhiyyə sahəsində çox ciddi proqramlar proqnozlaşdırılır. Bunlar çox vacibdir və ölkəmizdə də uğurla həyata keçirilir”.

Gununsesi.info xəbər verir ki, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb.

“Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa eşitmə qabilliyyətini itirə bilərlər . Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır.

Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.

Komitə sədri bildirib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır.

“Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslərin yaşaması üçün ömrü boyu antidesprantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar bu antidesprantlardan istifadə etməsələr orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil”.

Ə.Əmiraslanov qeyd edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır.

“Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”.

Mürtəza

Gununsesi.info