“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Lerik məktəbliləri qərb bölgəsinə yola salınıb - FOTOLAR

  • By admin
  • 11 Noyabr 2017 11:15

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş Şuranın iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və 11-14 noyabr tarixlərində Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salınacaq məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Rövşən Bağırov tədbir iştirakçılarını əlamətdar 09 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik edib.

İcra başçısı bildirib ki, artıq 4-cü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur aksiyası təşkil olunur. Ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə respublika üzrə ildə 2 dəfə olmaqla 7 istiqamət üzrə 7 tur-aksiya təşkil olunub. Bütün bölgələrin əhatə olunduğu bu tur-aksiyada 13648 nəfər məktəbli iştirak edib. Noyabrın 11-14-ü və 16-19-u tarixlərini əhatə edəcək növbəti tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı nəzərdə tutulub.
İndiyə qədər rayonumuzun 149 nəfər məktəblisi Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və Naxçıvan istiqamətləri üzrə tur-aksiyalarda iştirak etmişdir. Digər şəhər və rayonlardan 1000 nəfər şagird tur-aksiyalar zamanı rayonumuzda olmuşdur.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər strategiyasını uğurla davam etdirən  Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq təşkil olunan tur aksiyalarda əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
Son illər ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamız dinamik sosial-iqtisadi inkişaf edir. Ölkəmizin bütün regionları gündən-günə abadlaşır, şəhər və rayonlarımızın siması yeniləşir. Dövlət Proqramlarının uğurlu inkişafı nəticəsində rayonumuzda da quruculuq, abadlıq-tikinti işləri aparılır. 53 yeni məktəb binası tikilib, 47 kəndə qaz xətləri çəkilib, yollar asfaltlanıb, səhiyyə müəssisələri, sosial obyektlər inşa olunub.
Ölkə başçısının uğurlu xarici siyasətindən söhbət açan RİH başçısı “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə istifadəyə verilmiş Bakı-Tibilisi-Qars dəmir yolunun əhəmiyyəti və sair bu kimi beynəlxalq  əhəmiyyətli layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
İcra başçısı çıxışında həmçinin prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqətindən, hər il ölkə vətəndaşlarının pulsuz müayinənə cəlb olunmasından, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısından danışıb.

Bildirilib ki, Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcəyiniz şəhərlərdən Azərbaycanın 2-ci ən böyük şəhəri – Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaq, Göygöl və Şəmkir şəhərlərinə gedərək oranın görməli və tarixi yerləri, bu yerlərin yaranma tarixi və əhəmiyyəti haqda biliklər əldə edib, evlərinizə çox böyük təəssüratlarla qayıdacaqlar. Artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunub, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilib. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və digər məsələlər müəyyən edilib, qrup nəqliyyat vasitəsi ilə təmin olunub.
Tur zamanı, həmçinin asudə vaxtlarınızın səmərəli təşkili də nəzərə alınıb. İnanırıq ki, siz rayonumuzu, təhsil aldığınız məktəbi layiqincə təmsil edəcəksiniz.
Daha sonra şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, şəhər 3 saylı məktəbin müəllimi Aygün Rüstəmova, valideynlərdən şəhid anası Elmira Vəliyeva, İlham Zülfiyev, Ələkbər Salayev, tur aksiyanın əvvəlki iştirakçılarından Kənan Seyfullayev və tur aksiyaya ilk dəfə qoşulan Rusif Nəzərov çıxış edərək ölkəmizin tanınmasında belə tur aksiyaların əhəmiyyətindən danışaraq prezident İlham Əliyevə  dərin minnətdarlıqlarını bildiriblər.
RİH başçısı bildirdi ki, cənab prezidentin tövsiyəsinə uyğun olaraq hər il ölkəmizdə həyata keçirilən bu tur aksiyalar ilə yanaşı səhiyyə, təhsil, ekoloji və digər sahələrdə də maarifləndirici aksiyalar keçirilir. Belə aksiyalarda yüzlərlə, minlərlə vətəndaşımız iştirak edərək, ölkə başçısının hər bir vətəndaşa qayğısını hiss edirlər. Bu qayğı və diqqət bir daha onu sübut edir ki, O, hər vətəndaşın  prezidentidir.

Sonda icra başçısı məktəblilərə tövsiyələrini bildirib və onlara yaxşı yol arzulayıb.

Sonra Şura iclasının gündəliyində olan məsələlərlə bağlı rayon icra hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun məruzələri dinlənilib.
Şura iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

***

Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun təhsildə fərqlənən bir qrup məktəbli uşaqların “Gəncə-Şəmkir-Göygöl” rayonlarına təntənəli yola salma mərasimi keçirilib.
Lerik rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər X-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Gəncə-Şəmkir-Göygöl şəhərlərinə səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Mərasim iştirakçıları öncə Heydər Əliyev meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.
Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova şagirdləri salamlayaraq 09 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik edib. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verdi, məktəblilərə tövsiyələrini bildirib və yaxşı yol arzulayıb. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə ölkə başçısına minnətdarlığını ifadə edib.

Gununsesi.info