Ölkənin enerji istehlakı niyə azalıb? - EKSPERT TƏHLİLİ

  • By admin
  • 12 Mart 2018 16:58

 

“Bu iki ilin göstəricilərini müqayisəyə gətirsək məlum olar ki, 2017-ci ildə elektrik enerjisinin istehlakı 700 milyon kVt.saat və ya 3,2%, təbii qaz istehlakı 300 milyon kub metr və ya 3,3%, neftayırma məhsullarının istehlakı isə 400 min ton və ya 8,9% azalıb”.  

Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Nemət Əliyev bildirib. 

Onun sözlərinə görə, 2017-ci il ərzində ölkə daxilində 20,9 milyard kVt.saat elektrik enerjisi, 10,1 milyard kub metr təbii qaz, 3,8 milyon ton neft məhsulları istehlak olunub 

Halbuki 2016-cı ildə 21,6 milyard kVt.saat elektrik enerjisi, 10,4 milyard kub metr təbii qaz, 4,2 milyon ton neft məhsulları istehlak olunub. 

 

“Başqa sözlə desək, 2017-ci ildə ölkə iqtisadiyyatının enerjisi kəsilib, “havası”, “suyu”, “yeməyi” ixtisar edilib. Bu səbəbdən təbii qazla, elektriklə, benzinlə, dizellə, ağ neftlə, mazutla, sürtkü yağları və digər enerji növəri ilə işləyən bütün maşın və mexanizmlər, dəzgah, avadanlıq və qurğular və deməli sexlər, fabriklər, zavodlar, nəqliyyat vasitələri, ev təsərrüfatları, ticarət və xidmət sahələri, kənd təsərrüfatı, tikinti və sairə ötən il az işləməli olub”- N.Əliyev qeyd edib. 

Onun sözlərinə görə, ölkə üzrə ümumi işgüzarlıq səviyyəsi, faktiki iş əmsalı 2016-cı illə müqayisədə 2017-ci ildə aşağı düşüb: “Yalnız ona görə ki, enerjisi – benzini, nefti,, elektriki, qazı çatışmayıb.

Nəzərə almaq lazımdır ki, enerji sərfiyyat göstəriciləri istehsal göstəriciləri ilə düz mütənasib əlaqədədir. Odur ki, umumi enerji sərfiyyatının azalması (itkilər buraya aid deyil) məhsulların, iş və xidmətlərin istehsal həcminin azalması ilə müşayiət olunmalıydı. Bu səbəbdən 2017-ci ildə 0,1% iqtisadi böyümə olması haqqında irəli sürülən rəsmi iddiaların əsası yoxdur. Aparılan təhlil onu göstərir ki, ötən il iqtisadiyyatımız daha da kiçilib və ÜDM-in real səviyyəsi 2016-cı ildəki səviyyənin aşağısına düşüb”.

 

Vüsalə

Gununsesi.info