Ölmüş bilinirdi, məhkəmə hökm oxudu

  • By ilhame
  • 18 Sentyabr 2023 19:27

Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Ş.Salayev verilmiş ittihamla təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şahin Salayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

İttihama görə, o, İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edib. Şahin Salayevin Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olub.

Araşdırmalar zamanı məlum olub ki, Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham irəli sürülüb.

Gununsesi.info