
“Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər. Bunun obyektiv səbəbləri var. Birincisi, gənclər Ermənistanı tərk edirlər, onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedirlər, ya da Qərb dövlətlərinə mühacirət edirlər. İkincisi, Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın isə əksinə artır, yaxınlarda sayımız 10 milyona çatacaq”.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər:
“Ermənistan mülki müdafiə naziri Viqen Sarkisyan bu vəziyyətdən çıxış yolu kimi yeni ideya irəli sürüb: “Könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödənəcək”.
Başqa sözlə, Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir. Bu ideya yaxınlarda parlamentdə qanun şəklinə gələcək. Görək Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?
Burada bir məqama diqqət yetirməyi lazım bilirəm. Azərbaycanın insani potensialı kifayət qədərdir, döyüş bölgəsində xidmət problemimiz yoxdur”.
Onun sözlərinə görə, Aprel döyüşləri də göstərdi az qala bütün əhali döyüşə atılmaq istəyirdi:
“Ancaq mənə elə gəlir ki, biz də cəbhə bölgəsində xidmət keçənlərə xüsusi imtiyazlar haqqında düşünməliyik. Doğrudur, aprel döyüşlərində şəhid olanların ailələrinə və yaralanan hərbçilərə böyük diqqət göstərildi. Ancaq bunun qanun şəklinə gətirilməsinə bizdə də ehtiyac var. Yəni, ölümə gedən bilməlidir ki, qanun tələbi ailəsi, övladları daima dövlət qayğısı içində olacaqlar”.
Gununsesi.info