Ombudsman əməkdaşları məhbuslarla görüşüblər

  • By admin
  • 19 Sentyabr 2016 17:50

hebsxana 

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 və 10 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

HTML tutorial

Ombudsman Aparatının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, MPQ-nin həkim üzvü də başçəkmələrdə iştirak edib. 10 saylı cəzaçəkmə müəssisəsinə planlı başçəkmə zamanı müəssisənin yataqxana, tibb-sanitar hissə, karantin  və cərimə otaqlarına, istehsalat sahəsinə baxış keçirilib, məhkumların hüquqlarının təmini baxımdan saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş, eləcə də müraciət hüquqlarının təmini və rəftarla bağlı mövcud vəziyyət və sənədləşmə yerində araşdırılıb.

1 saylı cəzaçəkmə müəssisəsinə keçirilmiş plandankənar başçəkmədə isə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. Müvəkkilə müraciət etmiş məhkumlar, bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri dinlənilib, tibbi müayinə, saxlanılma şəraitinə dair bəzi müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

Fərdi qəbul edilmiş şəxslərlə yanaşı, müəssisəyə yeni gəlmiş və karantin otağında saxlanılan məhkumlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədəncəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Gülnaz Qənbərli
Gununsesi.info