Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Fransanın Strasburq şəhərində Avropa Şurası və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi tərəfindən təşkil olunan “İfadə azadlığının təminində Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Yüksək səviyyəli seminarda və növbəti gün Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Kommunikasiya üzrə İşçi qrupunun iclasında iştirak ediblər.
Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Avropa Şurasının Baş katibi Torbörn Yaqlandın, Avropa Şurası, ATƏT, Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Ombudsmanlar İnstitutu, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinın rəhbər şəxslərinin, müxtəlif ölkələrin Ombudsmanlarının və beynəlxalq ekspertlərin məruzələri dinlənilib, fikir mübadilələri aparılıb.
Tədbirlərdə Azərbaycan Ombudsmanını Aparatın rəhbəri Aydın Səfixanlı və Aparatın məsul əməkdaşları Rəşid Rumzadə və Zaur Vəliməmmədli təmsil ediblər.
Çoxsaylı Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələrinin, müstəqil ekspertlərin, diplomatların da qatıldığı seminarda müstəqil monitorinq mexanizmi olaraq Milli İnsan Hüquqları İnstitutlarının ifadə azadlığının təmini sahəsində fəaliyyəti, vətəndaş cəmiyyəti və jurnalist birlikləri ilə əməkdaşlıq istiqamətləri, beynəlxalq sənədlərin implementasiyası məsələləri, hesabatlılıq, qanunvericiliyin analizi, media qurumlarının fəaliyyətinin şəffaflığı, plüralizm, sosial medianın dəstəklənməsi və digər mövzularla bağlı müzakirələr aparılıb.
Ombudsman Aparatının rəhbəri A.Səfixanlı seminarın gedişində müzakirə olunan məsələlərə münasibət bildirərək, ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən ifadə azadlığının təmini sahəsində görülən işlər barədə geniş məlumat verib. Azərbaycan Ombudsmanının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
A.Səfixanlı eyni zamanda seminarda iştirak edən beynəlxalq jurnalist təşkilatlarına müraciət edərək, ölkələrlə bağlı hesabat tərtib edərkən ədalətli yanaşma göstərmələrini, etibarlı mənbə kimi heç bir siyasi marağa xidmət etməyən, müstəqil qurum olan Ombudsmanın hesabat və məlumatlarından istifadə etmələrini təklif edib.
Seminarın proqramına uyğun olaraq, mövzular üzrə keçirilən görüşlərdə, canlı diskussiya və fikir mübadilələrində Azərbaycan Ombudsmanının nümayəndələri fəal iştirak etmiş, qaldırılan məsələlər, ölkə təcrübəsi və təsisatda bu istiqamətdə görülən işlər barədə məlumat veriblər.
Qeyd olunub ki, Ombudsman haqqında Konstitusiya qanununa edilən dəyişikliklə Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Bu baxımdan İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri nəzərdə tutan normaların da Konstitusiya qanununda təsbit olunması və bu istiqamətdə həyata keçirilən fəaliyyət, şəffaflığın təmin edilməsi məqsədilə mətbuat açıqlamaları və press relizlərin yayımlanması haqqında tədbir iştirakçılarının diqqətinə çatdırılmış məlumatlar maraqla qarşılanmış, onların sualları cavablandırılıb.
Belə ki, səfərin ikinci günü Aparatın əməkdaşları Avropa regionunda fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutlarının nümayəndələrinin iştirakı ilə keçirilən Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Kommunikasiya üzrə İşçi qrupunun iclasına qatılıblar.
İşçi qrupunun iclasında qarşılıqlı əməkdaşlıq və fəaliyyət istiqamətləri, habelə Şəbəkənin internet portalında Azərbaycan Ombudsmanının rəsmi internet səhifəsinin bölmə olaraq yerləşdirilməsi, Azərbaycan Ombudsmanı tərəfindən yayımlanan şifahi və yazılı bəyanatların, həmçinin xəbər bülletenlərinin sözü gedən bölmədə yer alması və yayımlanması məsələləri təklif olunub, bu istiqamətdə Z.Vəliməmmədli tərəfindən qaldırılan məsələlər, Azərbaycan Ombudsmanının təşəbbüsləri şəffaflıq və əməkdaşlıq baxımından maraqla qarşılanaraq, yüksək dəyərləndirilib.
Səfər çərçivəsində Ombudsmanın nəşrləri, illik məruzəsi, Müvəkkilin İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qismində fəaliyyətinə dair hesabatlarının nüsxələri Avropa Şurasının Ofisinə təqdim olunub.
Gülnaz Qənbərli
Gununsesi.info