Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb

  • By admin
  • 11 May 2023 14:56

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb.

Gununsesi.info müraciəti təqdim edir:

“Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməkdədir.

Mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə təxribat törədib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları – Novruzəlizadə Orxan Elxan oğlu həlak olub, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanıb.

Ermənistanın növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını kobud şəkildə pozan Ermənistanın hazırda da davam edən hərbi təxribatını kəskin şəkildə pisləyirik.

Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili olaraq, bir daha beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulması, regionda sülhün bərpası üçün qəti tədbirlərin görülməsini tələb edirik”.

Gununsesi.info