Ombudsman Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib

  • By admin
  • 16 Fevral 2018 18:15

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi onun xahişi ilə qəbul edib. Gunusnsesi.info-nun xəbərinə görə, görüşdə E. Süleymanova Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə ilk Ombudsman təsisatının yaradılması, təsisatının mandatı, fəaliyyət istiqamətləri, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, təbliği və təmini istiqamətində həyata keçirilən iş, beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verdi. Müvəkkilin təklifi də nəzərə alınmaqla, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolu ratifikasiya edildikdən sonra, Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunması, bu səlahiyyətlərlə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin edilməsi qeyd olundu.

Müvəkkil 18 iyun tarixinin ökədə Milli İnsan Hüquqları günü kimi elan edildiyini, bunun ölkədə insan hüquqları ilə bağlı vəziyyəti monitorinq edilməsi baxımından önəmli olduğunu diqqətə çatdırdı. O, əlavə etdi ki, hər il Bakıda aktual mövzulara həsr edilən Beynəlxalq Ombudsmanlar Konfransı təşkil edilir. Müvəkkilin əfvlə bağlı Prezidentə müraciət etmək səlahiyyətinin olduğu, onun vəsatətləri üzrə ümumilikdə 566 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan, həmçinin qadın məhkumların da əfv edilərək azadlığa buraxıldığı bildirildi. E. Süleymanova bu yaxınlarda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində (CÇM) “Açıq qapı” qəbulu keçirdiyini, qəbuldan öncə müəssisə rəhbərliyinin və məhkumların geniş tərkibdə iştirakı ilə hüquqi maarifləndirici görüş təşkil etdiyini, daha sonra isə məhkum qadınları fərdi şəkildə qəbul edərək ərizə və müraciətlərinə baxdığını diqqətə çatdırdı.

Müvəkkil Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay ərzində davam etmiş Tvinninq layihəsi haqqında qonağa məlumat verdi, layihəyə Avropa İttifaqına üzv olan 6 ölkədən cəlb edilən 45 ekspert Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin, insan hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq qanunvericiliyin, həmçinin Paris Prinsiplərinin tələblərinə cavab verdiyini, Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində tətbiq etdiyi müsbət təcrübələrin və təşəbbüslərin Avropalı həmkarları tərəfindən yararlanmalarının tövsiyə edildiyini vurğuladı. E. Süleymanova fəaliyyətində qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpasına böyük diqqət yetirdiyini, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini bildirdi.

Ombudsmanın qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinə yönəlmiş Azərbaycan Qadın və İnkişaf Mərkəzi ilə birgə həyata keçirdiyi reproduktiv sağlamlıq və ailə planlaşması layihələri və tədbirləri barədə ətraflı məlumat verildi. Məişət zorakılığı, zərərli vərdişlər, narkomaniya, QİÇS və digər yoluxucu xəstəliklərlə mübarizənin bütövlükdə ailənin möhkəmlənməsinə, sağlam və layiqli həyata yol açdığı diqqətə çatdırıldı. Həmçinin qeyd edildi ki, ölkədə sözügedən sahədə bir sıra tədbirlər görülmüş, çoxsaylı qanunvericilik aktları qəbul edilmiş, Azərbaycan qadınlarının parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında idarəetmədə və qərar qəbuletmədə fəal iştirakı təmin edilmiş və bu sistemli yanaşma nəticəsində yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 35 faizə yüksəlmişdir. Ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları”, “Genderə giriş” fənlərinin tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi qeyd edildi.

Səfir Onno Kervers səmimi qəbul, təsisatın fəaliyyəti ilə bağlı verilən müfəssəl məlumat üçün E.Süleymanovaya təşəkkürünü bildirdi, onun insan hüquqları sahəsində ancaq təsisat qismində yox, həm də şəxsən fəal iştirakını yüksək qiymətləndirdi. Niderland ilə Azərbaycan arasında bir çox sahədə sıx əməkdaşlığın mövcud olduğunu qeyd edərək, Ombudsmanlar arasında əməkdaşlıq üçün dialoq mühitinin vacibliyini vurğuladı. O, Niderland Krallığında insan hüquqlarının müdafiəsi, beynəlxalq və regional təşkilatlarla birgə həyata keçirilən layihələr barədə məlumat verərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğuladı. O, Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamını müsbət dəyərləndirdi. Görüş səmimi fikir mübadiləsi şəraitində davam etdi, səfir gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Gülnaz Qənbərli
Gununsesi.info