Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib

  • By ilhame
  • 29 Sentyabr 2023 12:29

“Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir”.

Gununsesi.info  xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan bu ilin 19-20 sentyabrda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halları aradan qaldırmaqla beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin edib.

Ombudsman bildirib ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir: “Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər”.

 

Gununsesi.info