İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın sədrliyi ilə Ombudsman Aparatında BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyinə həsr edilmiş tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, Ombudsman çıxışında qeyd edib ki, bu günlərdə müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz ölkəmizin çoxsaylı beynəlxalq müqavilələrə qoşulması, bu səpkidə milli qanunvericiliyin təkmilləşdirilməsinin insan hüquq və azadlıqlarına mühüm töhfə verdiyini vurğulayıb.
Müvəkkil ölkəmizdə 31 may 1996-cı il tarixli qanunla BMT‑nin “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası”nın, habelə bu sənədin qüvvəyə minməsinin 10 illiyi tamam olan Fakültativ Protokolunun müddəalarının milli qanunvericiliyə implementasiyası haqqında geniş məlumat verib. O, bildirib ki, ölkəmizdə İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qismində məhz Ombudsmanın müəyyən edilməsi təsadüfi olmayıb. Belə ki, Müvəkkil məhkəmədən kənar hüquq-müdafiə mexanizmi olmaqla öz mandatına görə Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsini təmin edir və şübhəsiz ki, müstəqil, qərəzsiz, “Paris prinsipləri”nə əsasən “A” statusuna malik milli insan hüquqları təsisatı kimi çıxış edən Müvəkkil öz fəaliyyətində işgəncələrlə mübarizə və qarşısının alınması, preventiv tədbirlərin təşkili və eləcə də maarifləndirmə işlərinin aparılması məsələlərinə xüsusi diqqət göstərmişdir ki, bu da MPM-in formalaşdırılmasının əsasını qoymaqla bu fəaliyyət üçün zəmin yaradır.
MPM-in funksiyalarının icrası məqsədilə Müvəkkil və onun Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələr, müvəqqəti saxlanılma yerləri, psixiatriya xəstəxanaları, uşaq evləri, internat müəssisələri və digər sosial obyektlərdə müntəzəm olaraq başçəkmələrin keçirilməsi və müvafiq tədbirlərin əhəmiyyəti vurğulanıb.
Ombudsman “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqiməqsədilə bu il ölkəmizin 57 şəhər və rayonunda dövlət qurumları, yerli icmalar, QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirdiyini, rayonlara səfəri zamanı polis idarələrinə baş çəkdiyini, polis əməkdaşları ilə insan hüquqları, saxlanılan şəxslərlə rəftar və onların saxlanılma şəraiti ilə bağlı söhbətlər apardığını, bütün polis şöbələri, eləcə də penitensiar müəssisələrdə Ombudsmanın iki qaynar xətt nömrələrinin əks olunduğu posterlərin asıldığını, eyni zamanda hər bir müraciətin dərhal qeydə alındığını və həlli istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.
Aparatın şöbə müdiri, MPQ-nin rəhbəri Rəşid Rumzadə təqdimatla çıxış edərək, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulduqdan sonra, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı əsasında MPM funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən edildiyini, MPM mandatı çərçivəsində görülmüş işlər, şəxslərin öz iradəsi ilə tərk etmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, Ombudsmanın təklif və tövsiyələrinin, habelə başçəkmələr əsasında verilmiş tövsiyələrin icra əziyyəti, hüquqi maarifləndirmə tədbirləri haqqında danışmışdır. Müvəkkil tərəfindən dövlət qurumlarına insan hüquqlarının effektiv təmini baxımından verilmiş çoxsaylı təkliflər əsasında şəxslərin öz iradəsi ilə tərk etmədiyi müəssisələrdə həyata keçirilən islahatlar, həm rəftar məsələləri, həm saxlanılma şəratinin təkmilləşdirilməsi, müraciətlərin effektiv təmini, habelə qanunvericiliyin təkmilləşdirilməsinə verilmiş töhfələr mərhələli şəkildə təqdimat əsasında tədbir iştirakçılarına nümayiş etdirilib.
Ölkədə qanunvericilik yönümündə aparılan islahatlarla yanaşı, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslər, onlarla rəftar və saxlanılma şəraitlərinin təkmilləşdirilməsi istiqamətində Fakültativ Protokolun müddəaları əsasında görülmüş işlər müzakirə olunmuşdur. Müvəkkil tərəfindən dövlət qurumlarına insan hüquqlarının effektiv təmini üzrə çoxsaylı təkliflərin verildiyi və bu təkliflərin böyük bir qisminin həyata keçirildiyi diqqətə çatdırılıb.
MPQ rəhbərinin təqdimatı zamanı insan sağlamlığı üçün təhlükəli, həmçinin insan şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan şəraitə malik müvəqqəti saxlama təcridxanalarının ləğv edilərək yeni, mövcud standartların tələblərinə cavab verən təcridxanaların inşa olunan və ya uyğunlaşdırılmış binaların, eyni zamanda cəzaçəkmə müəssisələrindəki şəraiti əks etdirən şəkillər tədbir iştirakçılarına nümayiş etdirilib.
Qeyd edilmişdir ki, MPM-in fəaliyyəti beynəlxalq aləmdə müsbət təcrübə kimi qiymətləndirilir.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bu günlərdə tvinninq layihəsi çərçivəsində təsisatın bir qrup nümayəndəsinin Yunanıstana səfəri barədə məlumat verərək bildirmişdir ki, Yunanıstan MPM-nin üzvləri ilə birlikdə Psixiatriya müəssisəsinə də səfər etmiş, müəssisə əməkdaşları və burada saxlanılan şəxslərlə görüşmüş, saxlanılan şəxslərlə rəftar və onların saxlanılma şəraiti, habelə müəssisə daxilində həyata keçirilən reabilitasiya proqramları və pilot layihələrlə tanış olunmuş, təcrübə mübadiləsi aparılıb. Habelə, Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyəti çərçivəsində bu qəbildən olan müəssisələrə keçirilən başçəkmələri, diqqət yetirilən məsələlər, xüsusilə də sağlamlıq məsələlərinin monitorinqi ilə bağlı verilmiş məlumatlar müəssisə əməkdaşları və Yunanıstan MPM-i tərəfindən maraqla qarşılandığı bildirilib.
A.Səfixanlı bildirib ki, Tvinninq proqramı çərçivəsində Yunanıstan, habelə Polşa Ombudsmanının nümayəndələri Azərbaycan Ombudsman təsisatında olmuş, Aparatın əməkdaşlarına və Milli preventiv qrupun üzvlərinə ünvanlanan treninqlər təşkil olunmuş, habelə penitensiar və psixiatriya müəssisələrində birgə başçəkmələr də həyata keçirilib. Başçəkmələrin yekunu olaraq, Ombudsmanın MPM qismində fəaliyyəti, onun müstəqilliyi, MPQ üzvlərinin peşəkarlığının yüksək qiymətləndirildiyi diqqətə çatdırlıb.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Ombudsmanının əhali qrupları, o cümlədən qadınların, uşaqların, ahılların, əlilliyi olan insanların, məhbusların, qaçqın və məcburi köçkünlərin, miqrantların və hərbiçilərin hüquqlarının müdafiəsi, korrupsiya və insan alveri ilə mübarizə sahəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bu tədbirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında hüquqi maarifləndirmə, habelə müxtəlif istiqamətlər üzrə qulluğa qəbul olunmuş şəxslərin bilik və bacarıqlarının artırılması istiqamətində səmərəli əməkdaşlıq əlaqələri çərçivəsində də davam etdirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə qulluq keçən xidmət əməkdaşları üçün Ədliyyə Akademiyada keçirilən icbari təlim kursunda “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda çıxış edən Aparatın şöbə müdiri R.Rumzadə diqqəti BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin10 illiyinə yönəltmiş, bu Konvensiya və Fakültativ Protokolunun müddəaları, beynəlxalq standartlar və adı çəkilən sənədlər üzrə beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələr, habelə MPM qismində Ombudsmanın fəaliyyəti barədə iştirakçılar məlumatlandırılıb, tədbir canlı diskussiya şəraitində davam etdirilib.
Fakültativ Protokolunun qüvvəyə minməsinin10 illiyinə həsr edilmiş silsilə tədbirlər Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Qubada yerləşən regional mərkəzləri tərəfindən də respublikanın regionlarında davam etdirilməkdədir.
Gülnaz Qənbərli
Gununsesi.info