Xocalı Soyqırımının 25-ci ildönümü haqqındaAzərbaycan Respublikası PrezidentininSərəncamına əsasən, müvafiq tədbirlər planı icra olunaraq bu istiqamətdə mühüm işlər həyata keçirilir.Həmin Sərəncamla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu ay ərzində Bakıda və regionlarda silsilə tədbirlər təşkil edir.
Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatı ölkəmizdə yayılmış, habelə nüfuzlu beynəlxalq təşkilatlara və müxtəlif ölkələrin ombudsmanlarına göndərilmişdir. Müvəkkilin rəsmi saytında “Xocalı 25” bölməsi yaradılmış, həmin bölmədə Xocalı Soyqırımı ilə bağlı məlumatlar və film, Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı və bu sənədə əsasən müvafiq tədbirlər planı barədə məlumatlar, Müvəkkilin bəyanatı yerləşdirilib.
Bu günlərdə Ombudsmanın Quba Regional Mərkəzi Quba rayonunun Qəçrəş kəndində Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri, kənd sakinləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
İlk olaraq Xocalı Faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxış edərək, Xocalı soyqırımını Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb. Bu Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşaqın hər iki valideynini, 130 uşaqın valideynlərindən birini itirdiyi, 1275 soydaşmızın əsir düşdüyü, şəhərin yerlə yeksan edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib.Ulu öndərin rəhbərliyi ilə ölkəmiz inamla inkişaf yoluna çıxmış, ordu quruculuğuna böyük önəm verilib. Məhz, görülən işlərin nəticəsidir ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr yetirərək, ərazi bütövlüyümüzün istənilən vasitə ilə bərpa etmək qüdrətində olduğunu bir daha nümayiş etdirib.
Tədbirdə Ombudsman E.Süleymanovanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilib.
Sonra məktəblilərin hazırladıqları bədii kompozisiya nümayiş olunub. İştirakçılar tədbirin təşkilinə görə, Müvəkkilə öz minnətdarlıqlarını ifadə ediblər.
Gülnaz Qənbərli
Gununsesi.info