Ombudsmana vətəndaş şikayətləri artır - ZAHİD ORUCDAN TƏHLİL XARAKTERLİ ÇIXIŞ

  • By admin
  • 02 Aprel 2021 23:10

 

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Ombudsmanın parlament qarşısındakə məruzəsi ətrafında maraqlı çıxış edib.

HTML tutorial

Gununsesi.info komitə sədrinin həmin çıxışını təqdim edir: 

Milli Məclis Vətən Müharibəsində Qələbədən sonra bütün Azərbaycan xalqının bütövlük, suverenlik, öz doğma torpaqlarında yaşamaq və qurub-yaratmaq hüququnun gerçəkləşdiyi bir vaxtda İnsan hüquqları üzrə Müvəkkilin məruzəsinə qiymət verir.Bu müstəsna tarixi hadisədir.

İnsan haqlarının və azadlqılarının vəziyyətinə dair Ombudsmanın Məruzəsi Konstitusiya qanununda nəzərdə tutulan tələblərə uyğun olaraq, ölkə Prezidentinə təqdim olunmaqla yanaşı, parlamentdə dinləmədən keçir və insan hüquq və azadlıqlarının təminatı sahəsində görülən işlərin barometri sayılır.

Qeyd edək ki, Ombudsmanın Məruzəsi Azərbaycan Respublikası Konstitusiyasının 3-cü fəslində əks olunan və 5 qrup hüquq və azadlıqları (mülki, siyasi, iqtisadi, sosial və mədəni) tam əhatə etməlidir və konkret struktura malik olmalıdır.

Bildiyimiz kimi, Ombudsman 2002-ci ildə seçilsə də, faktiki olaraq, 2003-cü ildən məruzələrini təqdim edir. Bu dövr Prezident İlham Əliyevin ali siyasi rəhbərliyə gəldiyi ildir. Dövlət başçısının da qeyd etdiyi kimi, son 17 il-dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malikdir.Ona görə də Ombusdmanın təqdim etdiyi sənəd ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı sahəsindəki on illər ərzində gerçəkləşən köklü dəyişiklikləri qiymətləndirmək üçün mühüm əhəmiyyət daşıyır.

Məruzəyə keçməzdən əvvəl pandemiyanın qlobal miqyasda “insan haqları və azadlıqları”nın durumuna vurduğu zərbələrə  dair BMT-nin 1 yanvar 2021-ci tarixində yaydığı hesabatdan kiçik bir misalı göstərməyi vacib sayırıq.Sənəddə deyilir-1 yanvar tarixinə olan statistika üzrə yoluxan 81 milyon(bu gün 130 milyona yaxın) şəxsdən ölən 1.8 milyon( bu gün 2.8 milyondan çox) insan içərisində yaşlı adamlar üstünlük təşkil edir, 67 ölkədə 90 faizə yaxın insanın vaksinə əlçatanlığı yox vəziyyətdədir və “vaksin müharibələri” adını alan savaş insanların fundamental “yaşamaq” hüququ uğrunda mübarizəsini göstərir, üstəlik, pandemiya dünyada mövcud olan yoxsul adamların sayını 115 artırıb, dünya miqyasında 495 milyon iş yeri ya bağlanıb, ya da potensial risq altına düşüb, hər altıda bir gənc öz iş yeri ilə vidalaşmalı olub, təhsildə qapanma dünyada 1.6 milyard insanın davamlı və dayanıqlı öyrənmə imkanlarına mənfi təsir edib, demokratik-qeyri demokratik sayılmasından asılı olmayaraq əksər ölkələrdə toplaşmaq, hərəkət, söz və digər siyasi azadlıqları məhdudlaşdırılıb.Siyahını davam etdirmədən də görmək olar ki, koronavirus pandemiyası dünyada insan hüquq və azadlıqlarının vəziyyətinə görə yüzlərlə ölkənin göstəricilərini pisləşdirib.

Hörmətli Müvəkkil Səbinə Əliyeva Məruzəni ətraflı təqdim etdi.Bildiyimiz kimi, gələn 2022-ci il Ombudsmanın 20 illik yubileyidir.Ona görə də ötən Məruzələrdə illər üzrə müxtəlif sahələrdə baş verən dəyişikliklərin qiymətləndirilməsi vacibdir.Məsələn, son 10 il üçün şikayətlərin dinamikası cədvəldən göründüyü kimi belədir:

2011 12.680 müraciət
2012 12.470 müraciət
2013   13.670 müraciət 
2014   13.150 müraciət 
2015   15.320 müraciət; 2014-cü illdən  16,5% çox
2016   18.740 müraciət 
2017   18.400 müraciət; 2016-cı ildən 1,8% az 
 2018  20.400 müraciət
2019    25.500 müraciət
2020 27.500 müraciət

Son 10 ildə cəmi 2 dəfə istisna olmaqla Azərbaycanda şikayətlər ancaq artan dinamika göstərir.Bu haqda geniş təhlillər aparmalı və səbəbləri haqda düzgün nəticələrə gəlməliyik.

Azərbaycanda 2020-ci ildə Ombudsmanın ünvanına 27.500 müraciət daxil olub, əhali sayımız– 10 milyon 259 238-dir.

Rusiyada Ombudsmana 2019-cu ildə: 38 328 min müraciət daxil olub,2000-ə yaxını-kollektiv şikayət); Əhali sayı-146 milyona yaxındır. Sanki faiz nisbəti ilə Azərbaycanda şikayətlərin həddən çox olması təsəvvürü yaranır.

Ukrayna Ali Rada Müvəkklinə(2019)-47 min şikayət; əhali sayı-44 milyon;

Özbəkistanda- 15.000 şikayət, əhali sayı-34 milyona yaxın;

Gürcüstan-6737 şikayət; əhali sayı 3,731 milyon

Qırğızıstan-3237;əhali sayı 6,5 milyondan artıq;

Ermənistanda son illər ombudsman-6417-5000 civarında şikayətlər daxil olub; əhali sayı-2 milyon 963;

Rəqəmlər göstərir ki, əhalisi milyonlarla çox olan ölkələrdə Ombudsmanlara şikayətlər bizdən az sayda daxil olur.Məruzədə buna aydınlıq gətirmək olar:bu yaxşıdır, yoxsa pis? Şikayətlərin hansı sahələr üzrə-sosial hüquqlar, məmur-vətəndaş münasibətləri, məhkəmələr və ya digər sahələr bağlı olduğunu birgə müəyyənləşdirməliyik.

Sənəddə beynəlxalq hesabatlar, bəyanat və müraciətlərlə bağlı müsbət və mütərəqqi təcrübələrə istinadlar vardır.Xüsusilə də 44 günlük Vətən müharibəsi vaxtı və ondan sonra Ermənistanın hərbi və insanlıq əleyhinə cinayətlərinin, mülki və hərbçi vətəndaşlarımızın hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatların hesabatları vasitəsilə ifşası düzgün əksini tapıb.Xatırladaq ki, Ermənistan Ombudsmanı “Azərbaycanın müharibə cinayətləri”nə dair 7 hesabatı 3 dildə təqdim etmişdi. Ombudsman institutunun bu sahədə həyata keçirdiyi vacib işləri digər dövlət institutları ilə birgə davam etdirməsinə böyük ehtiyac duyulur.

Məruzədə hərbi xidmət zamanı sağlamlığına zərər dəymiş hərbi qulluqçulara, həmçinin xidmət zamanı həlak olmuş va ya xidmət zamanı aldığı xəsarət və xəstəlik nəticəsində əlil olan şəxslərla bağlı sığorta ödanişinin verilməsində mövcud olan problemlər haqlı olaraq əksini tapıb, müharibə ilə alaqədar əlilliyin müəyyən edilməsində hərbçilərin üzləşdiyi problemlər vurluğanıb və həlli üçün təkliflər verilib. 

          Digər mühüm bir məsələ Suriyaya gedən şəxslərlə bağlı görülən işlər haqqında Məruzədə əksini tapan məlumatlara ümidvarıq millət vəkilləri də qiymət verəcəklər. Burada haşiyə çıxaraq qeyd edək ki, pandemiyadan qabaq Azərbaycan cəmiyyətində aparılmış bir tətqiqatın nəticəsinə görə cihad adıyla Suriya və İraqa gedənlərə haqq qazandıranlar arasında gənclər üstünlük təşkil edir. Hər 100 gəncdən (18-29 yaş) 30-u dindarların siyasi partiyalarda birləşməsini məqbul hesab edir.Bu rəqəmlərdən çıxış edərək Məruzədə Suriyada münaqişənin girovuna çevrilən vətəndaşların ölkəmizə qaytarılması ilə əlaqədar çağırışa ehtiyatlı yanaşma, hərətərəfli araşdırılma ilə qərar verilməsini zəruri hesab edirik.

        Məruzədə cəmiyyətimizdə sayı artan boşanmalar fonunda Aliment Fondunun yaradılması təklifini himayəsində azyaşlı uşaqları olan anaların sosial yükünün azaldılması yönündə müsbət ideya kimi dəyərəndirmək olar və sonradan borcludan məcburi qaydada alınması da düzgün yanaşmadır.

       Yekunda bir neçə təklif və tövsiyyələrimizi səsləndirməyi vacib sayırıq.

  • İnsan hüquqlarını iqtisadi və siyasi maraqlarının təminatı alətinə çevirən beynəlxalq təşkilatların hesabatlarının dəyərləndirilməsi, onların bir ovuc şəxs üzərindən 10 milyonluq bir ölkədə insan haqlarına və azadlıqlara dair etalon kimi dəyərləndirilməsinə münasibət bildirilməsi Məruzəyə əlavə edilə bilər və bu sənədin xarici mərkəzlər üçün əhəmiyyətini daha da artırar.İki gün öncə ABŞ Dövlət Departamentinin Hesabatını oxuyarkən, müxalif saytlarda dərc olunan məqalə müddəalarının dünyada nüfuzlu Dövlət Departamentinin ali sənədində əksini tapmasına təəssüfümüzü bildirir, Vətən Müharibəsini qazanan bir xalqın təmin olunan onlarla hüquqları haqda bir cümlə belə yazılmamasını qeyri-obyektiv hal kimi qiymətləndirirk.

 

  • Məruzədə Ermənistanın xeyrinə casusluqda ittiham olunan və 2017-ci ildən bu yana Ordumuz, indi isə tarixi Qələbəmiz, eləcə də dövlət, hüquq sistemi əleyinə geniş əkstəbliğat imkanları açan və ictimai rəyi dəyişdirməyə hesablanan hərbçilərin işinin yenidən obyektiv araşdırılması üçün xüsusi komissiyanın yaradılması təşəbbüsünün sənəddə yer alması çox yerinə düşərdi.
  • Ermənistanın hərbi cinayətləri nəticəsində bomba hücumlarına məruz qalaraq, qətlə yetirilən mülki şəxslərin statistikasının da sənəddə yer alması onun hərtərəfli olmasına şərait yaradar, dövlətimizin və xaricdə yaşayan soydaşlarımızın beynəlxalq məkanda daha hədəfli, faktlı mübarizəsini gücləndirərdi.
  • Sosial şəbəkələrdə tirajlanan, dövlətimiz əleyhinə istifadə edilən məhbus ailələri ilə bağlı görüntülər məlumdur. Hesabatda bu ailələrin müraciətlərinə də münasibət bildirilə bilərdi.
  • İnsan hüquqlarının vəziyyəti ilə bağlı dinamika və təhlillərə yer verməklə, Prezidentin idarəetmə, sosial və digər sahələrdə islahatların dərinləşməsindən sonrakı tendensiyaların da təhlil edilməsini vacib sayırıq.
  • Ombudsman, informasiya müvəkkili və Milli Preventiv Mexanizm funksiyalarını da yerinə yetirməsini nəzərə alaraq, məruzədə informasiya əldə edilməsinin vəziyyəti və Milli Preventiv Mexanizmin fəaliyyəti ayrı bölmələrdə verilməsi və daha geniş, tutumlu və əhatəli olması bu sahədə hökumət strkuturlarının ictimai kommunikasiya sahəsində öhdəliklərini necə yerinə yetirməsini müəyyənləşdirməyə imkan verər.