Ombudsmanın nümayəndəsi “Gülsam”-in tədbirinə qatılıb

  • By admin
  • 14 Noyabr 2016 10:16

ombudsman

“Gülsam” Əlillərin Rebilitasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin turizm imkanlarının artırılması və inteqrasiyası (əlillər turizmi)” layihəsinin yekununa həsr olunmuş tədbirdə Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov da  iştirak edib.

Bu haqda Gununsesi.info-ya Ombudsman mətbuat xidmətindən məlumat verilib. Belə ki, əlilliyi olan şəxslərin və onları təmsil edən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı həmin tədbirdə çıxış edən M.Mahmudov  əlilliyi olan şəxslərin hüquqlarının cəmiyyətin həyatında digərləri ilə bərabər səviyyədə, yəni heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilməsi və sosial inteqrasiyası ilə bağlı ölkə miqyasında həyata keçirilən tədbirlər, habelə Müvəkkil Elmira Süleymanovanın bu sahədə gördüyü işlər barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi, bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi, turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair qanunvericilik və standartların təkmilləşdirilməsi, bölgələrdə turizm fəaliyyətinin stimullaşdırılması, təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növlərinin müvafiq turizm marşrutları yaradılmaqla təşviq edilməsi istiqamətində tədbirlərin nəzərdə tutulduğu bildirilmişdir. Bütün bunların əhalinin bütün təbəqələrinin, eləcə də əlilliyi olan şəxslərin ölkədaxili turizm xidmətlərindən istifadə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Aparatın əməkdaşı Müvəkkilin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə bir sıra yeni qanunvericilik aktlarının qəbul edilməsi ilə bağlı irəli sürdüyü təkliflər barədə də məlumat verib. Müvəkkilin təşəbbüsü və təqdim etdiyi təkliflərin böyük əksəriyyəti nəzərə alınmaqla  “Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanun”un, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2016-2021-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın və “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair standart qaydaları”nın layihələrinin hazırlanması bu qəbildəndir.

Qeyd olunub ki, sözügedən qanun, proqram və qaydaların layihələrinin qəbul edilərək həyata keçirilməsi əlilliyi olan şəxslərin hüquqlarının səmərəli təmini, sağlamlıq, təhsil, məşğulluq, o cümlədən turizm və digər sahələrdə imkanlarının artırılmasında və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq.

Gülnaz Qənbərli

Gununsesi.info