Ombudsmanın nümayəndəsi konfransda çıxış edib

  • By admin
  • 01 Noyabr 2016 10:05

 ombudsman

 “SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası” İctimai Birliyi UNİCEF-in ölkəmizdəki nümayəndəliyi ilə birgə “BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydaları: reallıqlar və perspektivlər” mövzusunda Milli Konfrans təşkil olunub.

Gununsesi.info xəbər verir ki, tədbirə dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının və QHT-lərin nümayəndələri qatılıblar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Faiq Ağayev konfransda çıxış edərək, Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirildiyini və bu aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirib.

O, uşaq hüquqlarının təmini və müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyətini, o cümlədən uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işləri və uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırılıb.

Həmçinin, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı dövlət başçısının müvafiq Sərəncamı ilə Ombudsman milli preventiv mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bununla əlaqədar ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə, o cümlədən uşaqların yaşadığı və saxlanıldığı müəssisələrə müntəzəm baxışlar keçirdiyi vurğulanıb.

Qeyd olunub ki, Müvəkkil tərəfindən Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşma) və alternativ qayğı Dövlət Proqramının icrasının ilk illərində ailələrə verilən uşaqların vəziyyəti monitorinq edilmiş, bunun nəticələri ilə bağlı müvafiq qurumlara müraciətlər edilib.

E.Süleymanovanın uşaq hüquqlarının təmini və bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi, o cümlədən “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, yetkinlik yaşına çatmayanlar üzrə komissiyaların işlərinin təkmilləşdirilməsi və digər çoxsaylı təkliflər Milli Konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Gülnaz Qənbərli

Gununsesi.info