Ombudsmanın Regional Mərkəzləri Dövlət müstəqilliyi günüylə bağlı tədbirlərlər  keçiriblər

  • By admin
  • 18 Oktyabr 2017 18:40

 

ombudsman

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 18 oktyabr-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümü ilə əlaqədar Cəlilabad şəhər 4, 8 saylı tam orta məktəblərində, Cəlilabad Tibb Məktəbində, “Texno”  Hazırlıq Kursunda, Lənkəran şəhər, O.Mirzəyev adına qarışıq tipli uşaq evində və Lənkəran rayonunun Girdəni Bələdiyyəsində tədbirlər keçirilib.

Gununsesi.info-nun xəbərinə görə,  tədbirlərdə Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxış edərək, Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 26 il keçdiyini, ötən  dövr ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə böyük uğurlar əldə etdiyini vurğulayıb.

Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaradıb.

Z.İsmayılov ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi, Müvəkkil təsisatının yaradılması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində apardığı geniş fəaliyyət barədə iştirakçılara ətraflı məlumat verilib.

Ombudsmanın Quba Regional Mərkəzi də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında, tələbələrin, pedoqoji kollektivin və ictimayət nümayədələrinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 26-ci ildönümünə həsr olunmuş “İnsan Hüquqlarının təmin olunmasında Dövlət Müstəqilliyinin rolu” mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən Regional Mərkəzin rəhbəri B.Əfəndiyev  Müvəkkilin bu əlamətdar gün münasibəti ilə təbrik və xoş arzularını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, müstəqilliyin bərpasından sonra, insan hüquqlarının təmin  olunması sahəsində, qısa müddət ərzində misilsiz işlər görülmüş, tədbirlər həyata keçirilib. Məhz, bu istiqamətdə aparılan işlərin ən ümdəsi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq dəstəyini almış, müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul olunmasıdır.

Daha sonra müstəqilliyin əldə edilməsinin və qorumasının tarixi aspektləri müzakirə olunmuş, müasir dövlətimizin inkişafı naminə atılmış addımlar vurğulanıb.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Gəncə şəhər Gənclər Evində “18 oktyabr Dövlət Müstəqilliyi Günü” münasibətilə təşkil edilmiş tədbirdə iştirak edib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşlarının, fəal gənclərin, müxtəlif ali təhsil müəssisə tələbələrinin, orta məktəb şagirdlərinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə  çıxış edən S. Abbasov qeyd edib ki, müasir Azərbaycan Respublikası dövlət müstəqilliyinin yenidən bərpasından ötən dövr ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçib, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu Azərbaycan Respublikasında dövlət quruluşunun, milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən edib.

26 illik müstəqillik dövrü ərzində ölkəmizdə həyata keçirilmiş məhkəmə-hüquq islahatları, xüsusilə də insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində əldə edilmiş nailiyyətlər barədə ətraflı şəkildə məlumat verən S.Abbasov müstəqil Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi istiqamətində Ombudsman təsisatının da çox-şaxəli fəaliyyətini diqqətə çatdırıb.

Tədbirin sonunda məktəblilərin “18 Oktyabr Dövlət Müstəqilliyi Günü”-nə həsr edilmiş rəsm işlərinin sərgisinə baxış keçirilib.

Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən Müstəqillik günü ilə əlaqədar Oğuz rayonunun Zərrab kəndində və Şəki rayon Baltalı kənd tam orta məktəbində yerli icra və özünüidarəetmə orqanlarının əməkdaşlarının, sakinlərin, həmçinin müəllim və şagirdlərin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə regional mərkəzin rəhbəri P.Məmmədov çıxış edərək Azərbaycanın keçdiyi tarixi inkişaf yolu haqqında iştirakçılara məlumat verib. Dövlətimizdə müstəqillik dövründə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilmiş üç mühüm strateji sənəd – “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011), həmçinin qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb.

Tədbirlərdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsmanın rolu və fəaliyyət istiqamətləri barədə məlumat verilmiş, suallar cavablandırılıb.

Gülnaz Qənbərli

Gununsesi.info