Ombudsmanın təşəbbüsü ilə regionlarda silsilə tədbirlərə start verilib - FOTO

  • By admin
  • 22 Dekabr 2017 17:56

“İnsan hüquqlarının müdafiəsinə qalx” devizli ümumdünya kampaniyası çərçivəsində Ombudsmanın təşəbbüsü ilə regionlarda da silsilə tədbirlərə start verilib.

Gununsesi.info-nun xəbərinə görə,  08 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Uşaq Fondunun ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi beynəlxalq konfransda Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının çağırışı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə artıq 10 dekabrdan başlanan və bir il davam edəcək kampaniyaya ölkəmizdə start vermişdir. O, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması istiqamətində bütün dövlət qurumlarını, beynəlxalq təşkilatları, yerli QHT və KİV-ləri, icmaları birgə fəaliyyətə dəvət etmiş, hər bir kəsin paytaxt və regionlarda həmin kampaniyaya qatılmasına start verib.

Bu günlərdə Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir rayonu Gənclər Evində adı çəkilən kampaniya, həmçinin yekunlaşmaqda olan “İslam Həmrəyliyi İli” çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları əməkdaşlarının, bələdiyyə üzvlərinin, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışanların, QHT nümayəndələrinin, fəal gənclərin, yerli KİV-lərin iştirakı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində əldə edilmiş nəaliyyətlər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev ölkəmizdə müxtəlif dinlərin nümayəndələri və fərqli məzhəblər arasında mövcud nümunəvi həmrəylik şəraitinin əhəmiyyətini qeyd etmiş, bu rayonda yaşayan fərqli millətlər arasında da bu həmrəyliyin yüksək səviyyədə olduğunu bildirib.

İştirakçılara Elmira Süleymanovanın salamlarını, qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini və xoş arzularını çatdıran Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı ilə kampaniya, Müvəkkilin ölkəmizdə adı çəkilən kampaniyaya start verməsi və bununla əlaqədar təşkil etdiyi silsilə tədbirlər barədə ətraflı məlumat verib.

Habelə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş, respublikamız tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

S.Abbasov bildirib ki, tarixən Azərbaycanda mövcud olmuş tolerantlıq mühiti ilə uzlaşan İslam həmrəyliyi təşəbbüsü insan hüquqlarının təmini konteksintə də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də müasir dövrümüzdə beynəlxalq münasibətlərdə İslamafobiya, ksenefobiya, miqrantlara qarşı dözümsüzlük kimi insan hüquqlarına zidd olan meyillərin gedərək artmaqda olduğunu, özü də bu cür meyillərin demokratiya mərkəzi sayılan Qərb dövlətlərində yayılmasını nəzərə alsaq, insan hüquqlarının qorunması naminə dinlərarası həmrəyliyin, o cümlədən İslam həmrəyliyinin əhəmiyyətini bir daha təsdiq etmiş olarıq. Bu baxımdan insan hüquqları və həmrəylik ideyaları bir birini tamamlayan və vəhdətdə olan, fərqli mədəniyyətlərin, fikirlərin daşıyıcıları olan insanların birlikdə xoşbəxt yaşamasına yönəlmiş dəyərlərdir, habelə insan hüquqlarına həmrəylik kontekstində yanaşma bütün dünyanı insan hüquqlarının ali dəyərlərinə hörmət istiqamətində bir mövqeydən çıxış etməsinə gətirib çıxarır.

Azərbaycan Ombudsman təsisatının fəaliyyəti dövründə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi geniş əhatəli işlər, əldə edilmiş nəaliyyətlər barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev çıxış edərək ölkəmizdə dini sahədə görülmüş işləri, din-dövlət münasibətlərinin hüquqi tənzimi və dini radikallığın cəmiyyətə zərərlərini diqqətə çatdırıb.

Sonra iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini söyləmiş, bu tədbirin təşkilinə görə Ombudsmana təşəkkürlərini bildirib.

Gülnaz Qənbərli
Gununsesi.info