OMON-çu Elçin Əmiraslanov aclıq aksiyasına başlayacaq

  • By admin
  • 24 May 2017 13:36

omon

Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ müharibəsi əlili, 21 ildir Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayan Elçin Əmiraslanov aclıq aksiyasına başlayacaq.

Bunu Gununsesi.info-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, bununla bağlı Elçin Əmiraslanov QAT sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağıya məktub göndərərək, mayın 30-da aclıq aksiyasına başlayacağını bildirib. O, eyni zamanda  ombudsman Elmira Süleymanovaya da müraciət edərək, aclıq aksiyasına başlayacağı ilə bağlı xəbərdarlıq edib.

QAT sədri deyib ki, müraciətdə Elçin Əmiraslanovun Qarabağ müharibəsində aldığı yaraların onu çox incitdiyini, sudurğa, epilepsiya, ürəktutmaları, kəllə-beyin ağrılarından əziyyət çəkdiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq, müalicə müəssisəsinə göndərilmədiyini, ona heç bir tibbi yardımın göstərilmədiyini bildirib.

O, həmçinin bildirib ki, 21 ildən çoxdur həbsdədir, dəfələrlə məhkəmələrə, o cümlədən Ali Məhkəməyə müraciət edib, lakin onun cəzasının dəyişdirilməsi ilə bağlı məsələyə baxmaq istəməyiblər, indi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb.

Dövlətə xidmət etməyə, Qarabağ döyüşlərində yenidən iştirak etməyə hazır olduğunu bildirən Elçin Əmiraslanov, bu haqsızlıqlara dözməyərək, son vasitə kimi aclıq aksiyasına başlamaq istədiyini qeyd edib.

Mürtəza

Gununsesi.info