2 nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanov təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Məlumata görə, Qəhrəmanov günahsız olduğu halda həbsdə keçirdiyi illərin maddi və mənəvi ziyanının ödənilməsini istəyir. O, ümumilikdə 1 milyon manat təzminat tələb edir.
İddiaya cavabdeh Maliyyə Nazirliyidir.
Qeyd edək ki, Aydın Qəhrəmanov 2013-cü ildə Birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürmə ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
Məlumat üçün bildirək ki, Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən bəraət almış şəxsin maddi və mənəvi ziyana görə təzminat tələb etmək hüququ var. Mənəvi ziyan şəxsin həbsdə keçirdiyi hər aya görə hesablanır. Maddi ziyan isə həbsindən əvvəl aylıq qazancına uyğun verilir.