Ona “Mercedes”də yer yoxdur - Tost

  • By admin
  • 04 May 2022 12:10

“AlphaTauri” komandasının rəhbəri Frants Tost bildirib ki, Pyer Qaslinin hazırda elə də çox seçimi yoxdur.

Gununsesi.info xəbər verir ki, fransalı sürücü 2019-cu ildə “Red Bull” komandasına transfer olsa da, orada gözlənilən performansı göstərə bilməyib və yenidən “AlphaTauri” komandasına qaytarılıb. Ancaq Qasli o gündən sonra orta qrupda ən yaxşı performans göstərən pilotlardan biridir.

Frants Tost deyib ki, Pyerin təcrübəsi 2019-cu ilə nisbətdə daha çoxdur: “Bu da özünü hər sahədə göstərir. Xarakter olaraq çox güclüdür və texniki geri bildirimləri daha faydalıdır. Keçən il texniki cəhətdən komandaya liderlik edirdi, çünki Yuki debütant idi. Buna baxmayaraq, əla işlədi. Təkərlərə də yaxşı nəzarət edirdi. O, güclü maşınla yarışlar qazana bilər. Onu Maks və Sebastyanla müqayisə edə bilmərəm. İkisi də böyük istedaddır. Pyer üçün əsas doğru zamanda doğru yerdə olmaqdır.

Onun başqa komandaya keçəcəyi ilə bağlı söhbətlər olsa da, mənimlə heç nə danışmayıb. Ancaq “AlphaTauri” yaxşı komandadır. Zirvədə olmasaq da, inkişaf edirik. Hazırda əlində buradan elə də yaxşı alternativ yoxdur. Onsuz da rəqiblərin heyəti məlum olub. “Red Bull”seçim ola bilər, amma Pyerə “Mercedes”də yer yoxdur. Biz ona güclü maşın verməyə çalışırıq. Bu, ona motivasiya verir”.

Gununsesi.info