“Onlar at kimi üzümə duranlar idi” - YALÇIN İMANOV

  • By admin
  • 30 Dekabr 2023 13:45

Dekabrın 28-də Prezident İlham Əliyev bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Vəkillər Kollegiyasının üzvü olan 11 nəfər bu medala layiq görülüb.

Siyahıya diqqət yetirəndə məlum olur ki, orada adı olan 11 nəfərdən 6-sı Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsində rolu olmuş şəxslərdir. Söhbət Muxtar Mustafayev, Esmira Hüseynova, Azər Quliyev, Fazil Nəhmətov, Arif Rəsulov və Telman Qasımovdan gedir.

2017-ci ildə Penitensiar Xidmətdən daxil olmuş şikayət əsasında Yalçın İmanov haqqında araşdırmalar başlamışdı. Səbəb isə Yalçın İmanovun öz müvəkkilinə – 2015-ci ilin noyabrında Nardaran hadisələrində həbs olunmuş Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi barədə mətbuata müsahibəsi olmuşdu.

Abbas Hüseynov həm vəkili ilə görüşdə, həm də yazılı məktubunda bildirmişdi ki, onu avqust ayında həbsxananın həyətində dəmirə bağlayıb, əlləri qandallı vəziyyətdə döyüblər. Bundan sonra ölümcül vəziyyətdə cərimə kamerasına (“kars”) salıblar. Yalçın İmanovun özü də bir neçə gün sonra müvəkkili ilə görüşdə onun üzərində xəsarət izləri gördüyünü bildirirdi.

Yuxarıda adları çəkilən 6 nəfərdən üçü həmin vaxt Vəkillər Kollegiyasının İntizam Komissiyasında təmsil olunurdu. Arif Rəsulov komissiyanın sədri, Fazil Nəhmətov və Esmira Hüseynova isə üzvləri idi.

İntizam Komissiyası öncə rəy vermişdi ki, Yalçın İmanovun hərəkətlərində heç bir pozuntu yoxdur. Həmin rəy onun özünə də elan olunmuşdu.

Lakin bir müddət sonra İntizam Komissiyası əvvəlki rəyinə tamamilə zidd olan yeni rəy verdi ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı işgəncələr haqda mətbuata danışmaqla pozuntuya yol verib.

Həmin rəy əsasında da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin o vaxt sədr əvəzi olan Anar Bağırov və üzvləri Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar çıxardılar. Daha dəqiqi, xitam vermək səlahiyyəti məhkəmədədir. Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verir ki, xitam verilməsi üçün məhkəməyə müraciət olunsun. Həmin qərara səs verənlərdən 3 nəfər – Muxtar Mustafayev,  Azər Quliyev və Telman Qasımov da “Tərəqqi” alanların siyahısındadır.

Yeri gəlmişkən, həmin iclasda bu qərarın lehinə səs verənlərdən daha biri – Sümbülə Əliyeva özü iki ilə yaxındır ki, külli miqdarda mənimsəmə ittihamıyla mühakimə olunur. O, rəhbərlik etdiyi “Mərkəz” vəkil bürosunda vəkillərin ödədiyi vergiləri, həmçinin çıxdıqları işlərə görə onlara çatası vəsaitləri mənimsəməkdə ittiham olunur. Söhbət 200 min manata yaxın yeyintidən gedir.

Yalçın İmanov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sözügedən iclasında çıxışında da bildirmişdi ki, vəkilin işi müvəkkilinin hüquqlarını müdafiə etməkdir. Bunun üçün vəkil qanunun yol verdiyi bütün vasitələrdən istifadə etməlidir. Onun sözlərinə görə, müvəkkilinə işgəncə verilibsə, onu gizlədə bilməzdi və jurnalistlərin bu barədə suallarını cavablandırmasında da heç bir pozuntu yoxdur.

O, İntizam Komissiyasının əvvəlcə onun xeyrinə verdiyi rəyi sonradan dəyişməsini də vəkillik fəaliyyətinə xitam verilməsi üçün gəlmiş sifarişin nəticəsi adlandırmışdı.

Medal alan vəkillərlə bağlı açıqlamasında isə Yalçın İmanov bunları deyib: “Bu adamların 6-sı işimdə saxta rəyə imza atan və at kimi üzümə duranlarıdır. Əminəm ki, bu zərbəçilər çoxlu işlərdə də qeyri-qanuni əməllərə yol veriblər”. 

Araşdırmamız zamanı onu da öyrəndik ki, mükafatlandırılan Muxtar Mustafayev  Baş nazirin o zamanki müavini Əli Həsənovun yol qəzası törədən nəvəsinin vəkili idi.

Ümumiyyətlə, məlum olub ki, bu adamlar istintaq orqanları ilə sıx əməkdaşlıq edən şəxslərdir.

Onların bu ada layiq görülməsi isə peşəkar vəkillərin narazılığına səbəb olub.

 

 

Gununsesi.info