
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞAK) qurumunun üzvü, “Kanal 13” internet tv-nin hazırda həbsdə olan rəhbəri Əziz Orucovun və həbsdəki digər ictimai-siyasi fəalların azadlığa buraxılması üçün hökumətə çağırış edib.
Gununsesi.info xəbər verir ki, qurumun adından yayılan bəyanatda Əziz Orucovun həbsini “MSŞT Standartının 1-ci tələbinin 1.3 a, b, c bəndlərinin və 5- ci Protokolunun “Vətəndaş Cəmiyyətinin iştirakı” adlı bölümün İfadə etmə (2.1- ci maddəsi) və Fəaliyyət (2.2- ci maddəsi) azadlığının pozulması kimi qiymətləndirilib.
MHŞT standartlarının Vətəndaş cəmiyyəti protokolunda xüsusi qeyd olunur ki,“vətəndaş cəmiyyəti MSŞT ilə bağlı məhdudiyyətsiz, məcburiyyət olnadan öz fikrini sərbəst ifadə edə bilər.”
Həmçinin qeyd edilib:
“Məlumdur ki, iki həftə sonra Azərbaycan iqlim dəyişikliyinə həsr olunmuş, olduqca mötəbər dünya miqyaslı bir tədbirə, COP 29-a ev sahiblik edəcək. Əlbəttə ki, belə bir əhəmiyyətli tədbir öncəsi və sonra bütün dünyanın, xüsusilə, mütərəqqi və demokratik ictimaiyyətin, beynəlxalq təşkilatların diqqəti ölkəmizdə olacaq. İqlim dəyişikliyinə qarşı səmərəli mübarizədə insan hüquqları və azad vətəndaş məkanı əsas dəyərlərlərdir, ədalətli enerji keçidinin təminində vətəndaş cəmiyyətinin rolu mühümdür.”
O da vurğulanıb ki, “yaranmış bu stiuasiyada MSŞA Koalisiyası olaraq Azərbaycan hökumətini haqqında ədalətsiz məhkəmə qərarları çıxarılmış bütün ictimai-siyası xadimlərin, o cümlədən, himayəsində iki azyaşlı uşaq və xəstə anası olan, MSŞA Koalisiyasının Şura üzvü Əziz Orucovu azad etməyə, uzun müddət MHŞT Beynəlxalq İdarə heyəti və MSŞA Koalisiyasının Şura üzvü olmuş, professor Qubad İbadoğluna qarşı irəli sürülmüş əsassız ittihamlara xitam verməyə, Müstəqil Vətəndaş Cəmiyyətinin fəaliyyətinə yönəlik bütün siyasi, hüquqi-inzibati baryerləri aradan qaldırılmağa, o cümlədən, ölkəmizdə xarici donorların fəaliyyətinə qoyulmuş bütün hüquqi məhdudiyyətləri aradan qaldırmağa çağırırıq. Hesab edirik ki, atılacaq bu addımlar yerli və beynəlxalq ictimaiyyət tərəfindən COP 29 öncəsi ölkəmizin demokratik imicinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlədən biri olaraq qəbul ediləcək.”