“Onlar bu şərtlərlə azadlığa buraxıla bilər” - Zahid Oruc siyasi məhbuslardan danışır

Azərbaycanda bu gündən fevralın 7-də keçiriləcək prezident seçkilərinin təşviqat kampaniyası başlayıb. Prezident seçkilərinə start verildiyi zamandan bəri jurnalistlərin, ictimai və siyasi fəalların həbsi də ölkə siyasətinin gündəminə daxil oldu.  

Prezidentliyə namizədlər siyasi məhbusların azadlığa buraxılması məsələsinə necə yanaşır?

Bu barədə Gununsesi.info-ya danışan prezidentliyə namizəd Zahid Oruc bəzi məsələlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycanda istər partiyaların o cümlədən də siyasətçilərin, ümumiyyətlə siyasi fəaliyyətin, mübarizələrin əsas təməli 90-cı illərdə Qarabağ münaqişəsi dalğasında qoyulub. “Bu, öz-özlüyündə bir çox münasibətləri başlanğıc nöqtədə gərginləşdirib, zədələyib, qütbləşdirib, Təəssüflər olsun ki, ondan sonrakı dövrdə bu münaqişə dövlət quruculuğu prosesində ictimai münasibətlər sisteminə də mənfi təsir edib.

Biz çox yaxşı xatırlayırıq ki, partiyaların mühüm bir hissəsi, o cümlədən də onların çevrəsində siyasi fəaliyyətdə qərarlaşan insanlar sonrakı dövr dövlətlə toqquşmaya meyl ediblər. Hətta Azərbaycanda hakimiyyət çevrilişlərini həyata keçiriblər, silahlı mübarizə və s. özünü göstərib. Bu məqamı ona görə vurğulayırıq ki, ondan sonrakı dönəmdə Azərbaycanda hamının heyrət və heyranlıqla baxdığı müxtəlif xarici dövlətlər, xüsusilə də demokratiya və insan hüquqlarını qlobal maraqlarının alətinə çevirən Qərb dairələri Azərbaycanda hər zaman özlərinin təsir agentlərini nüfuz yayıcı qrupları və qüvvələri formalaşdırıblar”.

“Təəssüflər olsun ki, bu mənada hazırkı reallığımız da onu göstərir ki, o fəaliyyət qələbəmizdən sonra daha da genişlənib və yaxud dərinləşib. Bunun anlamı ona gəlir ki, Azərbaycana bu zəfəri təkbaşına qazanmağı bağışlaya bilmirlər. Qələbəmizi oğurlamaq, onu kiçiltmək hansısa formada zərbə vurmaq və daxildə yeni Qarabağ kimi münaqişə ocaqları yaratmaq adına fəaliyyətlər ortadadır. Belə olan təqdirdə, təəssüf ki, xüsusilə də gənc yaş qruplarında olan insanlar, ayrı – ayrı partiyaların çevrəsində bu fəaliyyətdə yer alırlar və müxtəlif qanunsuz mübarizələrdə iştirak edirlər və cəza veriləndə də bu dərhal dövlətin ayağına beynəlxalq hesabatlarda mənfi bir hadisə kimi yazılır.

Bir daha söyləyirəm ki, bəlkə də Qarabağın istismarı fonunda onu anlamaq olardı, amma indiki gerçəklikdə qalib Azərbaycan da bütün siyasi münasibətləri biz fərqli görürük. Belə hesab edirik ki, bunun üçün milli mənəvi əsaslar var, qələbənin hamının olduğu, hamımıza məxsus olduğu bir zamanda və müxalifət ayrımcılığına yer qalmadığından elə etməliyik ki, Azərbaycanda məhbuslar və xüsusilə də partiyalı xarakter daşıyan siyasi mənbusiyyətdə olan insanların həbsləri baş verməsin”, – deyə o əlavə edib.

Zahid Oruc bu mənada 7 fevral seçkilərinin həm də yeni müxalifət platformalarına, simalarına, dizaynına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib:

“Getdikcə daha artıq dərəcədə o xətt küncə sıxılmalıdır ki, münasibətlər mütləq süngü, barikadacılıq, səngər əhval-ruhiyyəsi ilə qurulmamalıdır. Buna yer olmamalıdır. Mən namizəd kimi bu prosesdə təşviq edəcəyimiz xətti sizə söylədim.Yəni bu olacaqdır. Qanun çərçivəsində olan məsələlərin baxılması üzərindəyəm, parlamentdə İnsan Hüquqları komitəsini təmsil etdiyim üçün bir daha söyləyirəm ki, bəlkə də onların min bir səsinə təkrar müəyyən şərtlər altında azadlığa qovuşmasını təmin etmək mümkündür ki, bu özü islahedici rolda çıxış edir. Məsələn, Əfv Komissiyasının üzvlüyündə olarkən biz bir məqama diqqət etmişdik ki, o xəttlə, o yolla azadlığa çıxan şəxslər təkrar cinayətlər törətmirlər. Bu, çox vacib bir elementdir. Demək ki, onlar bu mənəvi amili islahedici xarakterdə qəbul edirlər. Bizim siyasi məkan üçün də bunlar çox önəmlidir.

ATƏT, BMT Qarabağ üçün hansı funksiyadadırlarsa daxildə siyasi münasibətlərdə də o cür avantürist rol oynayırlar. Onlara hansısa konkret şəxsin həyatı, taleyi gərək deyil. Daha artıq dərəcədə çalışırlar ki, münasibətlər daha da gərginləşsin, ona görə də hesab edirəm ki, seçkilərdən sonra biz bu məsələyə qanun çərçivəsində həll edilsin. Lakin daha artıq dərəcədə barış ruhu ilə daha çox insanın müəyyən şərtlər altında azadlığa dönməsi və onları müdafiə və himayə edən, üzərilərindən siyasi xal, kapital qazanan, əksər hallarda donor mənbələrdən, həm də gerçək maliyyə hesabları əldə edən qüvvələr də bu xəttin yanlışlığını, ziyanlığını özləri üçün də ağır nəticələr doğurduğunu qəbul eləsinlər”.

 

Gununsesi.info