Onlar siyasi sifarişlərə xidmət edən məlumatlar dərc edib

  • By admin
  • 17 Yanvar 2022 21:58

Özünü insan hüquqlarının və fundamental azadlıqların “keşikçisi” kimi təqdim etməyə çalışan “Human Rights Watch” qeyri-hökumət təşkilatı Ermənistanın uzun illər ərzində azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinə, müharibə cinayətlərinə, azərbaycanlı əhalinin kütləvi şəkildə öz doğma torpaqlarından zorla qovulmasına, müharibə bitdikdən sonra Ermənistanın davamlı olaraq günahsız insanların qətlə yetirilməsinə və sülh danışıqlarına xələl gətirən təxribatçı əməllərinə obyektiv qiymət vermək əvəzinə, özünün 2021-ci il üçün yayımlanan hesabatında ədalət və qərəzsizlik prinsiplərini gözləmədən siyasi sifarişlərə xidmət edən məlumatlar dərc edib.

Gununsesi.info xəbər verir ki, bunu İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

“Hər bir təşkilat hesabat tərtib edərkən istinad etdiyi mənbələrdə ədalətli balansı gözləməli, hüququn və qanunun aliliyi prinsipinə hörmətlə yanaşmalıdır. Lakin təəssüflə qeyd etmək istərdim ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” tərtib etdiyi hesabatlarda bu prinsipləri nəinki gözləmir, hətta müəyyən siyasi məqsədlərə xidmət edən qarayaxma kampaniyası həyata keçirir. Hesabatın təhlili onu göstərir ki, “Human Rights Watch” hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana münasibətdə ikili standartlara yol verir, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışır.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış əraziləri daxilində getməsinə baxmayaraq, “Human Rights Watch” təşkilatı tərtib etdiyi hesabatda Ermənistan ərazisində məktəblərin zərər görməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar verməklə yanaşı, hətta bu məktəblərin sayının Azərbaycan məktəblərinə nisbətən daha çox olduğu yalanını qeyd edib.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı törətdiyi son müharibə cinayətləri nəticəsində 10-dan çoxu uşaq olmaqla, 100-ə yaxın dinc mülki şəxs qətlə yetirilib, 450-dən çox insan yaralanıb, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da olmaqla 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılıb və ya onlara ciddi ziyan vurulub.

Qeyd olunan məlumatlar faktlarla təsdiq edilərək tərəfimdən hazırlanmış çox sayda hesabat, bəyanat və müraciətlərdə geniş şəkildə əks olunub, beynəlxalq və regional təşkilatlara, o cümlədən beynəlxalq qeyri-hökumət təşkilatlarına göndərilib.

Lakin hesabatda Ermənistan ombudsmanının məlumatına istinad olunsa da, Azərbaycan ombudsmanının mövzu ilə bağlı hazırlamış olduğu hesabat və bəyanatlarına istinad edilməyib. Bu fakt bir daha “Human Rights Watch” təşkilatının məsələyə qərəzli yanaşmasını sübut edir.

Hesabatda, eyni zamanda, Ermənistan ombudsmanının məlumatına istinad edilərək, guya Azərbaycanda erməni hərbi əsirlərinə münasibətdə hüquq pozuntularına yol verildiyi iddia olunur. Bununla bağlı qeyd etmək istərdim ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvləri fərdi qaydada tərəfimdən qəbul olunub, müraciətləri dinlənilib, onlara öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktları təqdim olunub. Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə həmin şəxslər müraciətləri əsasında müayinə edilib. Hər hansı bir ayrı-seçkiliyə yol verilmədən onlara münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, qanunvericiliyə riayət edildiyi müşahidə edilib.

Həmin təqsirləndirilən şəxslər onlarla rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, humanist münasibətə görə təşəkkürlərini bildiriblər.

Başçəkmənin nəticələri ilə bağlı mətbuata geniş açıqlama verilsə də, “Human Rights Watch” təşkilatının tərtib etdiyi hesabatda ədalət naminə bununla bağlı hər hansı bir məlumat verilməyib. Bütün bunlar adı çəkilən təşkilatın tərtib edəcəyi hesabatın “obyektivliyini” bir daha göstərmiş olur”, – S.Əliyeva qeyd edib.

Gununsesi.info