Onlara imkan yaradılmalıdır ki, öz evlərini tiksinlər - Deputat

  • By admin
  • 23 Noyabr 2021 16:39

“Bu gün həqiqətən də fərqli büdcə müzakirələri oldu. Bizim İqtisadi siyasət komitəsində həm birinci, həm də ikinci oxunuşda siyasi partiyalar olaraq məsələlərə öz münasibətimizi bildirməyimizə imkan yaratdınız. Mən həm Tahir müəllimə, həm də İqtisadiyyat Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bəlkə də bu, mənim uzun illər deputatlıq fəaliyyətimdə ilk dəfə idi ki, əsaslandırılmış təkliflərə çox hörmətlə yanaşıldı, konstruktiv mövqe sərgiləndi, bir çox dəyişikliklərlə bağlı təkliflər nəzərə alındı”.

Gununsesi.imfo xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat əmindir ki, 2022-ci ilin büdcəsi də uğurla yerinə yetiriləcək, həm icra ediləcək, həm də gəlirlər təmin ounacaq: “2021-ci ilin 9 ayı ərzində həm vergi, həm də gömrük orqanları inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması sayəsində proqnozlardan xeyli artıq vəsait toplayıblar. Əminəm ki, 2022-ci ildə də belə olacaq. Hesablama Palatasının rəyində bir çox mənbələr göstərilir ki, həmin mənbələrə diqqət yetirilsə, proqnozları artırmaq olar. Mənim diqqət yetircəyim əsas məsələlərdən biri bizim iqtisadiyyatımızın böyüməsi üçün investisiya qoyuluşunun artmasıdır. Əlbəttə, dövlət investisiya qoyur, amma xarici və yerli sahibkarlar ölkəyə investisiya qoyuluşunu artıra bilərlər. Ötən iclasda İqtisadiyyat Nazirliyinin nümayəndəsi Samirə xanım söylədi ki, onsuz da regionlarda vergi güzəştləri nəzərdə tutulub. Əgər bu güzəştlər yetərli deyilsə, deməli, məsələ ciddi təhlil olunmalıdır. Bəlkə regionlara investisiya qoyan şirkətləri 5 il müddətinə bütün növ vergilərdən azad edək? Ola bilsin ki, regionlara investisiya qoyulmaması iqtisadi faktorlarla bağlı deyil, bu, mülkiyyətin toxunulmazlığı ilə bağlı məsələdir. Yəni bəlkə sahibkarları narahat edən başqa səbəblər, müdaxilələr var? Bəlkə digər sahələrdə də problemlər çözülməlidir. Hər halda, bu məsələlər ciddi şəkildə təhlil olunmalıdır və mən hesab edirəm ki, regionların inkişafına ciddi diqqət yetirilməlidir ki, daxili miqrasiyaya son qoyulsun və yeni iş yerləri açılsın. Bundan başqa, biz görürük ki, Bakı şəhərində uzun illərdir yenidənqurma, bərpa işləri gedir və şəhər bir tikinti meydançasıdır. Bunun üçün də düşünürəm Şəhərsalma və Arxitektura Komitəsi daha təşəbbüskar ola bilər və özləri layihələri hazırlayıb hərraclarda satışa çıxara bilərlər. Bu, vaxt itkisinin də qarşısını alar. Yoxsa sahibkarlara deyirlər ki, sizin təklifləriniz standartlara cavab vermir, amma şəhər toz-torpağın içərisində qalır”.

Millət vəkili bildirib ki, başqa bir məsələ şəffaflıqla bağlıdır: “Dövlət İnvestisiya Holdinqi yaradılıb, bu istiqamətdə işlər görülür. Mən görülən işlərin üzərinə kölgə salmaq istəmirəm. Amma hamı bilir ki, Azərbaycanda dövlət şirkətləri vergidən yayınmaq üçün xərcləri şişirdirlər. Bunun qarşısının alınması üçün ictimaiyyətə bu barədə geniş məlumatlar vermək lazımdır. Mətbuatda bunlar çap olunmalı və insanlar müqayisə apara bilməlidirlər ki, misal üçün, dövlət sifarişi ilə tikilən bir kvadratmetr mənzil və ya ofis neçəyə başa gəlir. Yaxud bunu özəl şirkətlər neçəyə tikirlər. Belə olduğu təqdirdə, büdcə vəsaitlərindən də kifayət qədər səmərəli istifadə olunacaq. Mən həm də onu təklif edirəm ki, o sahələrdə ki xüsusilə də dövlət şirkətləri inhisarçıdırlar, Dövlət İnvestisiya Holdinqi orada da inhisarçılığın aradan qaldırılması isiqamətində müəyyən addımlar atsın. Vaxtilə Elman Rüstəmov da açıqlamışdı ki, əhalinin əlində böyük pullar var, yəni 10 milyarda qədər vəsait evlərdə saxlanılır və s. Biz Qarabağda bərpa işlərinə başlamışıq. Qaçqınlar içərisində çox zəngin insanlar var. Onlara imkan yaradılmalıdır və təkliflər verilməlidir ki, onlar işğaldan azad edilmiş ərazilərdə istehsal və emal müəssisələri yaratsınlar, öz evlərini tiksinlər. Rusiyada, Türkiyədə, başqa xarici ölkələrdə zəngin azərbaycanlı sahibkarlar var. Onlar da Azərbaycana cəlb edilə bilər. Yəni Qarabağın bərpasına bütün xalq cəlb olunmalıdır. Belə oduğu halda biz daha ciddi uğurlara imza ata bilərik”.

Gununsesi.info