Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
“Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.
Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlamışdır.
Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılmış, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir”.
Gununsesi.info