Onlarla alim Bakıya toplaşır

  • By admin
  • 23 Noyabr 2021 12:32

Nizami Gəncəvi Beynəlxalq Forumunda Türkiyə və Özbəkistan mədəniyyət nazirləri, o cümlədən 30-a yaxın ölkəni təmsil edən alimlər iştirak edəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, 3 gün davam edəcək forumda xaricdən gələn alimlər Nizami Gəncəvinin onların ölkəsində idarəçiliyin və ədəbi janrın formalaşmasına olan təsirindən danışacaqlar: “Forumu keçirməkdə məqsədimiz Nizami Gəncəvinin əhatə dairəsini göstərmək, onun böyük bir bölgədə ədəbi-fəlsəfi fikrin formalaşmasında müstəsna rol oynadığını vurğulamaqdır”.

xxx

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) keçiriləcək.

Gununsesi.info xəbər verir ki, tədbir 24-26 noyabr tarixlərini əhatə edəcək.

Nizami Gəncəvi Beynəlxalq Forumu mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır. Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.

Gununsesi.info