Son dövrlərdə onlayn təlim və kursların geniş yayılması ilə bu sahədə istehlakçılarla xidmət göstərən platformalar arasında mübahisələr artmaqdadır.
Ən çox müzakirə olunan məsələlərdən biri isə ödəniş edilmiş kursdan imtina zamanı vəsaitin geri qaytarılıb-qaytarılmamasıdır.
Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyevin bildirdiyinə görə, bu məsələ birbaşa tərəflər arasında bağlanan müqavilə və ya istifadə şərtləri ilə tənzimlənir.
Hüquqşünas qeyd edib ki, onlayn kurslara ödəniş edildikdə istehlakçı ilə xidmət göstərən tərəf arasında hüquqi münasibət yaranır və bu münasibətin şərtləri müqavilə ilə müəyyən olunur.
Onun sözlərinə görə, əgər müqavilədə və ya istifadə qaydalarında ödənişin geri qaytarılmayacağı açıq şəkildə göstərilibsə, istifadəçi bu şərtləri qəbul etmiş sayılır. Qaytarılma ilə bağlı müddəa yoxdursa, mübahisə yarana bilər və məsələ məhkəmə qaydasında həll olunur.
Hüquqi təcrübəyə əsasən, kursdan imtina hallarında vəziyyət fərqli ola bilər:
Yəni kurs tam təqdim edilibsə, ödənişin geri qaytarılmaması əsaslandırıla bilər, xidmət qismən və ya tam göstərilməyibsə, istifadəçi pulun geri qaytarılmasını tələb edə bilər, o cümlədən müqavilə şərtləri qeyri-müəyyəndirsə, məsələ məhkəmədə qiymətləndirilir.
O qeyd edib ki, əslində, onlayn kurslarda ödənişin geri qaytarılıb-qaytarılmaması avtomatik hüquq deyil, müqavilə şərtləri ilə müəyyən edilən məsələdir. Buna görə də tərəflər arasında yazılı və aydın razılaşmanın olması gələcək hüquqi mübahisələrin qarşısının alınmasında əsas rol oynayır.
Orxan
Gununsesi.info











