Onlayn sifarişlə qurbanlıq qoyun alanların sayı açıqlandı

31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı təşkil olunub. Satış məntəqələri Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 ünvanı əhatə edir.

ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, qurbanlıqların onlayn sifarişi www.qurbanliq.kendden.az portalı vasitəsilə həyata keçirilib. Belə ki, vətəndaşlar 31 iyul saat 00:00-dək portala daxil olaraq qurbanlıqlarını sifariş edib, satış məntəqələrindən onlayn növbələrini götürüblər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı özləri seçiblər. Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndərilib. Bu bildiriş əsasında vətəndaşlar bu gün və sabah seçdikləri məntəqəyə yaxınlaşaraq növbə gözləmədən sifariş etdikləri qurbanlığı kəsilmiş formada əldə edə bilərlər.

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir. Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunub. Qurbanlığın dəyəri hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödənilir. 3 gün davam edən onlayn satış zamanı ümumilikdə 856 vətəndaş tərəfindən 1047 baş qurbanlıq qoyun sifariş edilib.



 

 

 

 

Gununsesi.info