“Onsuz yaşamaq çox çətindir” - ŞƏHİD ANASI DANIŞDI

  • By admin
  • 03 Dekabr 2017 21:22
Bu gün aprel döyüşlərimizdə qəhrəmancasına Şəhid olan hərbçimiz Nurlan Bayram oğlu Əsgərlinin doğum günüdür. Nurlan Əsgərli 1995-ci il dekabrın 3-də Masallı rayon Kalinovka kəndində anadan olub. Əsgərli Nurlan 2014-cü ildə ordu sıralarına yola düşüb. Hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində oxuyaraq sonradan Silahlı Qüvvələrimizin giziri kimi xidmətə başlayıb.   Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərdə gizirimiz Nurlan Əsgərli qəhrəmancasına Şəhid olub. Aprelin 4-də doğulub boya-başa çatdığı Masallı rayon Kalinovka kəndində böyük izdihamla dənf edilib. Kalinovka kəndində yaşadığı küçə də Şəhid Nurlan Əsgərlinin adını daşıyır. Xatırladaq ki, Şəhidimizin bir böyük qardaşı da hərbçidir. Onlar aprel döyüşləri zamanı bir yerdə döyüşüblər.
Gununsesi.info xəbər verir ki, moderator.az-a açıqlama verən Şəhidimizin valideynləri onunla qürur duyduqlarını deyiblər.
Atası Bayram Əsgərli: “Bu gün Nurlanın doğum günüylə bağlı çox böyük tədbir keçirildi. Məzarını ziyarət etdik. Sabah da məktəbdə bununla bağlı tədbir keçiriləcək”.
Anası Ziba Əsgərli: “Nurlanın doğum günüylə bağlı xidmət etdiyi hərbi hissədən iş yoldaşları, sinif yoldaşları və dostları bu gün bizə toplaşmışdılar. Bu gün onun 22 yaşı tamam olur. Çox sağ olsunlar ki, belə gündə bizi tək qoymurlar. Nurlan həmişə deyirdi ki, arzum budur xalqıma, vətənimə layiqli övlad olum. Bunu da etdi. Düzdü, Nurlan az ömür yaşadı, amma igid ömrü yaşadı. Onsuz çox çətindi, bir ana kimi çox əziyyət çəkirəm. Amma bir yandan da Nurlanla qürur duyuram. Bircə arzum odur ki, Nurlanın adı yaşasın. Çox sağ olun, hamınıza minnətdarıq ki, belə gündə bizi yad edirsiniz”.
Gununsesi.info